AFFA-da Nəcəf – Fərəcullayev gərginliyi

  • Dünən, 15:48

AFFA-nın Marketinq və Sponsorluq Departamentinin rəhbəri Aysu İbrahimli öz xahişi ilə istefa ərizəsi yazıb. Bundan əvvəl federasiyanın Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev də vəzifəsindən ayrılmışdı. Bu ardıcıl proseslər AFFA daxilində strukturun yenilənməsi mərhələsinin getdiyini deməyə əsas verir.

Aysu İbrahimlinin vəzifəsindən könüllü şəkildə ayrıldığı deyilir. Lakin federasiya daxilində son dövrlər müşahidə olunan proseslər fonunda bu qərarın şəxsi motivlərlə verilib-verilmədiyi sual doğurur. 
Məsələnin diqqətçəkən tərəfi qərarların hansı mərkəzdə formalaşmasıdır. AFFA-da struktur dəyişikliklərinin təşəbbüskarı kimdir? Bu proseslər birbaşa baş katib Cahangir Fərəcullayevin idarə etdiyi xətt üzrə aparılır, yoxsa daha geniş şəkildə razılaşdırılmış qərarların nəticəsidir?

Məlumdur ki, Aysu İbrahimli AFFA-ya prezident Rövşən Nəcəf tərəfindən gətirilmişdi və İcraiyyə Komitəsinin üzvü olmasa da, iclaslarda mütəmadi iştirak edirdi. Bu fakt İbrahimlinin federasiya daxilində mövqeyinin kifayət qədər güclü olduğunu göstərirdi. Onun birdən-birə prosesdən kənarlaşdırılması təbii olaraq suallar yaradır. 

Bu istefa AFFA daxilində güc və idarəetmə balansının dəyişməsi kimi qiymətləndirilə bilərmi? Daha konkret desək, Rövşən Nəcəfin ən yaxın kadrını qoruya bilməməsi federasiyada idarəetmə mərkəzləri arasında təsir bölgüsünün yenidən formalaşdığını göstərir?

Görünən odur ki, AFFA daxilində hələ də müəyyən gərginliklər var və bu, yaxın dövrdə federasiyanın fəaliyyətinə də təsirsiz ötüşməyəcək. Proseslərin hansı istiqamətdə inkişaf edəcəyi, yeni kadr qərarlarının kimlər tərəfindən və hansı məntiqlə veriləcəyi isə növbəti mərhələdə daha aydın görünəcək.

Gedişatı izləyirik...

Mirələm HƏSƏNLİ 


Paylaş: