"Sumqayıt"ın legioneri: "Bakını çox sevirəm"

  • Dünən, 15:30

“Sumqayıt” basketbol klubunun mərkəz oyunçusu Elayca Hatçins-Everett klubun mətbuat xidmətinə açıqlama verib.

Sportlife.az xəbər verir ki, amerikalı basketbolçu əvvəlcə Azərbaycana gəlişindən danışıb:

“İlk dəfədir ki, okeanı adlayıb hansısa bir ölkədə oynamaq imkanı əldə etdim. Azərbaycan fərqli mədəniyyətə malik ölkədir. Bu mənim üçün yeni təcrübədir. Burada olmaqdan məmnunam”.

O, Bakı və Sumqayıt şəhərləri haqqında da təəsüratlarını bölüşüb: “Bakını çox sevirəm. Şəhərin arxitekturası çox gözəldir. Bundan başqa insanların danışıq və geyim tərzi, onların bir-birinə qarşı davranışı gözəldir. Sizin insanlar çox nəzakətlidir. Ən əsası, Amerika ilə müqayisədə burada tam təhlükəsiz mühit formalaşıb. Azərbaycanda heç kim bir-birinə qarşı zorakılıq etmir. Amma ABŞ-da buna rast gəlmək olar. Mən Sumqayıtı da çox bəyənirəm. Bu şəhərdə insanların bulvarda gəzməsi mənim çox xoşuma gəlir”.

Elayca komanda yoldaşları ilə olan münasibətlərindən də söz açıb: “Aramızda çox yaxşı münasibət var. Hərənd, burada keçirdiyim ilk günlərdə dillə bağlı problemlə üzləşmişdim. Buradakıların ingilicəsi ilə biz amerikalıların danışıq dili bir az fərqlənir. Məhz buna görə bir az uyğunlaşmada çətinlik çəkdim. Amma müəyyən zamandan sonra bu problem yoluna qoyuldu”.

Komandanın çıxışından danışan Hatçins-Everett uğur qazanacaqlarına inandığını söyləyib: “Hələ də üzərimizdə işləməli olduğumuz bəzi məsələlər var. Oyunumuzu düzəltməli və taktikamızı mükəmməlləşdirməliyik. Komandanın gələcəkdə daha yaxşı çıxış edəcəyinə inanıram!”


Paylaş: