
AFFA-nın yeni strateji oyunu
Azərbaycan futbolunun kosmik trayektoriyası yenidən korreksiya olundu. Gizlin keçən AFFA İcraiyyə Komitəsinin iclasında elə bir qərar verildi ki, futbol azarkeşləri bir anlıq belə düşündü: "Bəlkə də bu artıq futbol federasiyası deyil, beynəlxalq mərc korporasiyasının filialıdır".
Hər şey Sərxan Hacıyevin "vurulması" xəbəri ilə başladı. Amma gözlənilməz süjet döngələri bizə bir daha sübut etdi ki, AFFA-da heç nə göründüyü kimi deyil. Hacıyev nə tam getdi, nə də tam qaldı – sadəcə bir postdan digərinə strategik miqrasiya etdi.
Və indi səhnəyə yeni fiqur daxil olur – Cahangir Fərəcullayev!
Cahangir Fərəcullayev kimdir?
Futbola birbaşa heç bir aidiyyəti olmayan bir şəxs. 2019-2020-ci illərdə "Topaz"da baş direktor, 2021-2025-ci illərdə isə "Azərlotereya" ASC-də baş direktorun müşaviri kimi çalışıb. Futbolun idarəçiliyində, klub menecmentində və ya idman strategiyasında adını eşitdiyimiz bir insan deyil.
Bu təyinat göstərir ki, AFFA üçün əsas prioritet futbolun meydandakı uğurları yox, maliyyənin düzgün idarə olunmasıdır. Başqa sözlə, təşkilat üçün futbolun inkişafından çox, maliyyə axınlarının necə yönləndirildiyi önəm daşıyır.
İctimaiyyətin reaksiyası təxminən belədir: Xalqın lotereya bileti nə vaxt uduş gətirəcək?
Bu təyinat futbol azarkeşləri tərəfindən nəinki birmənalı qarşılanmadı, əksinə, ironik şərhlərə səbəb oldu. Sosial şəbəkələrdə ən çox səsləndirilən arqument belədir: Futbol idarəçiliyinə mərc biznesindən adam gətirmək nəyə xidmət edir?
Bu sualın cavabı bəlkə də AFFA-nın yeni biznes modeli ilə bağlıdır. Bəlkə də gələcəkdə stadionlarda xüsusi mərc terminalları quraşdırılacaq.
AFFA-nın bu qərarı göstərir ki, qurumun prioritetləri tədricən dəyişir. Əgər əvvəllər əsas məqsəd futbolun inkişafı idisə, indi fokus daha çox effektiv maliyyə axınları yaratmaqdır. Cahangir Fərəcullayevin təyinatı təsadüfi deyil. Futbolun gələcəyini formalaşdıracaq islahatlar deyil, pul dövriyyəsini tənzimləyəcək yeni bir mexanizm işə düşür.
Nəticə etibarilə, suallar çoxdur, cavablar isə hələ ki, bilinmir. Amma bir şey aydındır: Azərbaycan futbolunun taleyi yenə də meydanda deyil, kabinetlərdə oynanılır.
Mirələm Həsənli