İlk addımlarını "Şahdağ"da atan, "Neftçi"də şans qazana bilməyən Edqarla MÜSAHİBƏ

  • Dünən, 11:00

Son 4 oyunda 2 qol vuran "Şamaxı"nın 19 yaşlı futbolçusu Edqar Adilxanovun Sportlife.az-a müsahibəsini sizə təqdim edirik.

"Sabah”la oyunda qələbə qazandınız və bu mövsüm 2-ci qolunu vurdun. Oyun sənin üçün necə keçdi?

- Mənim üçün oyun yaxşı keçdi. Qolumu vurdum və komandaya kömək elədim, əsas da budur. Çalışacam ki, davam edim və stabilliyi saxlayım.

“Qarabağ”la görüşdə də fərqləndin, lakin ofsayda görə qol qeydə alınmadı. Necə düşünürsən, həmin epizodda ofsayd var idi?

- Təkrarına özüm də çox baxmışam. Mənim fikrimcə, ofsayd yox idi. Lakin oyundan sonra mənə xəbər çatdı ki, 6 sm ofsayddayam. Mənə çox maraqlı gəldi, bunu necə ölçdülər.

- Artıq hakim qərarını verib. Mənə qalan başımı aşağı salıb məşqimi etməkdi. Oyundan sonra özümə söz verdim ki, gələn oyunda qol vuracam ve sübut eləyəcəm ki, ilk qol təsadüf deyildi. Allaha şükür elə də oldu.

Futbolda ilk addımlarını harada atmısan?

- İlk addımlarımı Qusarda atmışam, 6-7 yaşımda “Şahdağ” klubunda. İki həftə gedəndən sonra Bakıya gələsi oldum və futboldan uzaqlaşdım. 10-11 yaşımda yenə qayıtdım futbola - “RİOGİUM” komandasında, pullu qrup idi.

- Sonra “Neftçi” istədi məni, 2 il oldum orda. Oyun praktikası almırdım, ona görə də keçdim “İnter”ə. (indiki “Şamaxı”)

“Neftçi”də heç oynatmadılar səni?

 - Xeyr, demək olar, heç oynamırdım.

“Şamaxı”da aşağı yaş qruplarında məşqçin kim idi?

- Xəyal Mustafayev, o, mənə çox kömək etdi. Mənə həmişə düz yol göstərirdi. İnkişafımda böyük rolu var. İndi də onunla əlaqə saxlayırıq. Uğurlarıma çox sevinir.

Son oyunlarda Ayxan Abbasov sənə əsas heyətdə şans verir, onunla dialoqun necədir?

- Dialoqum əladır. Məşqlərdə mənə səhvlərimi başa salır. Mən də onları düzəldirəm. Mənə deyir ki, potensialın var. Sadə olmağı məsləhət görür və üzərimdə işləməli olduğumu söyləyir.

Özünü ən yaxşı hansı mövqedə hiss edirsən? Sənə harda oynamaq daha rahatdır?

- Belə deyim, Ayxan Abbasov məni 3 mövqedə sınayıb: sağ müdafiəçi, müdafiəyə meylli yarımmüdafiəçi, bir də sağ vinger kimi. Bir şey deyə bilərəm ki, hücuma meylli oynamağı daha çox sevirəm.

Elnur İsmayılov


Paylaş: