Kamal Bayramov: "40 yaşından sonra da qapıda dayana bilərəm"

  • Bu gün, 14:16

“Millinin oyunlarına görə yaranan fasilədən maksimum istifadə etməyə çalışdıq. Zədəlilərimiz var idi. Çalışdıq ki, onlar komandaya qayıtsın. Qəbələdə 5 günlük toplanış keçirdik. Yaxşı alındı. Maksimum dərəcədə 4-cü dövrəyə köklənmişik. Xal fərqinə baxsaq, hər məğlubiyyət bizi yuxarı pillələrdən uzaqlaşdıra bilər. Qarşıda çətin “Səbail” səfəri gözləyir. Çalışacağıq ki, yaxşı nəticə əldə edək”.

Bunu Sportlife.az-a açıqlamasında “Turan Tovuz”un təcrübəli qapıçısı Kamal Bayramov deyib.

Bu il 39 yaşını qeyd edəcək qapıçı hələ də karyerasına davam etmək istədiyini bildirib: “Baş məşqçinin fikirləri mənim üçün çox önəmidir. O, mənim bütün ümumi keyfiyyətimə, gündəlik məşqlərimə, fiziki durumuma nəzarət edir. Mən özümdə heç bir psixoloji zəiflik hiss etmirəm. “Səbail”lə oyunöncəsi zədələnsəm də, yenidən sağalıb, qayıtdım. Oynamağımla bağlı baş məşqçi qərar verir. Gələcəyimlə bağlı onu deyə bilərəm ki, gələn mövsüm də davam etmək istəyirəm. Ondan sonrasına baxarıq. Hər halda digər qapıçılardan geri qalsam, bunu mənə deyərdilər.

Kamal Bayramov eyni zamanda kayerasını bitirdikdən sonra məşqçi kimi fəaliyyətini davam etdirmək planının olduğunu açıqlayıb: “Düşünürəm ki, 40 yaşından sonra da qapıda dayana bilərəm. Gənclər də var. Rza Cəfərova, Yusif İmanova, bizim gənc qapıçılarımıza da baxıram... Mən özüm gənc olanda da yaşlı qapıçılar oyunda olurdu. Düşünürdük ki, bizə nə vaxt şans gələcək?! Yəni indiki gənclər də bunu düşünür. Karyeramı bitirəndən sonra da Azərbaycan futboluna faydalı olmaq üçün məşqçi kimi karyeramı davam etdirmək istəyirəm”.

Hidayət Qurbanov


Paylaş: