Olimpiya Oyunlarına vəsiqə qazanan yeganə taekvondoçumuzla MÜSAHİBƏ

  • 7 May 2024, 12:18

“Grand Slam Champions Series 2023” turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan Qaşım Maqomedovun Sportlife.az-a müsahibəsini təqdim edirik.

Belə böyük yarışa vəsiqə qazanmaq necə hissdir?

- Bu, mənim arzum idi. Heç təsəvvür belə edə bilməzdim ki, bu, reallaşa bilər. Hərçənd, Olimpia Oyunlarında iştirak edə bilmək üçün əlimdən gələni etmişəm.

Medal qazanmaq şansın nə qədərdir?

- Mən olimpiadada yarışacaq hamı kimi düşünürəm ki, əsas psixologiyadır. Stresə davamlı olan idmançının qalib gəlmək şansı daha çoxdur.

Olimpiadaya hazırlıq necə gedir?

- Hazırda diqqət may ayında baş tutacaq Avropa çempionatına yönəlib. Bundan sonra 2 aylıq vaxt qalır ki, Olimpiya Oyunlarına da tam hazırlıq o zaman başlayacaq.

Hazırda kimin rəhbərliyi altında məşq edirsən?

- Hazırda Azərbaycan Taekvondo Federasiyasının böyüklərdən ibarət yığma komandasının baş məşqçisi Məmməd Abdullayev və köməkçi məşqçi Elnur Amanovun rəhbərliyi altında milli komandanın tərkibində məşq edirəm.

- Taekvondo növündə yeganə lisenziya səndədir. Bunun sənə xüsusi bir təzyiqi var?

Təəssüf edirəm ki, Olimpiya Oyunlarına vəsiqə qazanan yeganə taekvondoçu mən oldum. Çox istərdim ki, 2016-cı ildə olduğu kimi tam komanda ilə gedək. Təzyiqlərə gəlincə, xeyr, mən bunu heç hiss etmirəm, sadəcə öz işimi görürəm.

Öz çəkində dünyada əsas rəqiblərin kimlərdir?

- Xüsusilə kimisə fərqləndirmək çətindir, çünki bizim aramızda güclü rəqabət var və bütün rəqiblərim güclüdür. Çünki onlar dünyanın ilk 10-luğudur.

Azarkeşlərə olimpiada üçün hansı vədi verə bilərsən? Medal qazanacağına inansınlar?

- Bu, ən böyük arzumdur. Uzun müddətdir ki, bunun üçün çalışıram və İnşallah, Uca Tanrının mənə verdiyi bu şansı əldən verməyəcəyəm və Olimpiya Oyunlarının qızıl medalını vətənə - Azərbaycana gətirmək üçün əlimdən gələn hər şeyi edəcəyəm.

 

Qulammirzə Səfərli


Paylaş: