"Millimiz son illərin ən uğurlu nəticəsini əldə etdi"

  • Bu gün, 17:21

"Millimiz komandalar arasında Avropa çempionatında son illərin ən uğurlu nəticəsini əldə etdi".

Sportlife.az xəbər verir ki, bunu Azərbaycan Atletika Federasiyasının (AAF) baş katibi Məhərrəm Sultanzadə qurumun rəsmi saytına açıqlamasında deyib.

O, Sloveniyanın Maribor şəhərində keçirilmiş nüfuzlu yarışda 3-cü Divizionda yer alan yığmanın ümumi hesabda 315.5 xal toplayaraq 15 ölkə arasında 6-cı yeri tutduğunu xatırladıb.

Sultanzadənin sözlərinə görə, Azərbaycan 2017-ci ildə 10-cu, 2019-cu ildə 11-ci, 2021-ci ildə 15-ci, 8 atletlə təmsil olunduğu 2023-cü ildə isə 13-cü sırada qərarlaşıb: "Aparılan təhlillərdən sonra bu dəfə məqsədimiz daha geniş heyətlə təmsil olunmaq idi. Yekunda Sloveniyaya 24 nəfərlik idmançı heyəti yola düşdü. Daha bir diqqət çəkmək istədiyim məqam bu dəfə heyətdə legionerlərin olmamasıdır. İdmançılarımızın onlara olan etimadı doğrultduğunu söyləyə bilərəm. Əlhəm Nağlyev həm 100 metr, həm də 200 metr məsafəyə qaçışda 1-ci oldu. Bu məsafələrə qaçışda qadınların mübarizəsində Lamiyə Vəliyeva 2-ci yeri tutdu. Lamiyə 23.58 saniyə göstərici ilə 200 metr məsafədə yeni Azərbaycan rekordunu müəyyənləşdirdi. Üç təkanla tullanmada Rüstəm Məmmədov, bu növdə qadınlar arasında Yekaterina Sariyeva bütün rəqiblərini qabaqladılar. 4x400 məsəfəyə qaçışda qarışıq estafetdə təmsilçilərimiz daha bir ölkə rekordunu yenilədilər. Cabir Əliyev, İsmayıl Əliyev, Bəxtiyar Əsgərli, Anna Yusupova və digər atletlərimiz də komandamıza olduqca vacib xallar qazandırdılar".

Baş katib federasiya prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə aparılan işlərin daha da uğurlu olacağına inam ifadə edib. O bildirib ki, məqsəd idmançıların davamlı inkişafını təmin etmək, perspektivli kiçik yaşlı yeniyetmə atletləri müəyyən edərək onlara maksimum dəstək vermək və qarşıdakı yarışlarda uğurlu nəticələrlə xalqı sevindirməkdir: "Hər zaman olduğu kimi, bizə dəstək olan Gənclər və İdman Nazirliyinə, bütün idmançı və məşqçi heyətinə, tibb personalına dərin təşəkkürümü çatdırıram".


Paylaş: