Sərtan TAŞKIN: "Necə deyim? Tam izah edə biləcəyim səbəb yoxdu"
“Sumqayıt”ın müdafiəçisi Sertan Taşkın Sportlife.az saytının suallarını cavablandırıb:
- "Qarabağ"la oyunu necə şərh edərdin?
- Çətin oyun idi. Oyun başlayanda istəyirdik ki, pressinq edək, topu özümüzdə çox saxlayaq və müdafiədə oturmayaq. Təəssüflər olsun ki, alınmadı, 46 və 90-cı dəqiqələrdə qollar buraxdıq.
- Yəqin ki, "Sabah" üzərində qazandığınız qələbədən sonra komandada ruh yüksəkliyi yaranmışdı. İnam var idi ki, "Qarabağ"dan xal ala bilərsiz?
- İnam həmişə olur. Özümüzə inanırıq ki, hər komanda ilə xal ala biləcəyimiz futbolu oynaya bilərik.
- Turnir cədvəlinin 6-cı pilləsindəsiz. Qəbul edirsən ki, avrokuboklara vəsiqə qazanmaq istəyən komanda üçün bu, yaxşı nəticə deyil? Şanslarınızı necə qiymətləndirirsən?
- Avrokuboklar barədə nəsə demək hələ tezdi. Əlbəttə ki, Avropaya çıxmaq üçün əlimizdən gələni edəcəyik.
- 6 oyuna 6 xal qazanmısız...
- Geridə qoyduğumuz oyunlara baxanda xalımız daha yüksək ola bilərdi.
- 6 oyunun 4-nü uduzmusuz. Məğlubiyyətlərin səbəbini nə ilə izah edərdin?
- Necə deyim? Tam izah edə biləcəyim səbəb yoxdu. Yəni 4 oyunun hamısında eyni səhvlərə görə uduzmamışıq ki, əsas səbəb olsun. Amma daha da diqqətli olmalıyıq.
- Növbəti turda rəqibiniz "Keşlə" olacaq. Bu komandanı məğlub etməyə gücünüz çatar?
- Çalışacağıq ki, xal qazanaq.