Berezutski: "Əsas odur, finaldayıq"

  • Bu gün, 00:38

Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah” və “Neftçi” arasında keçirilmiş cavab oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırıb.

Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

– İlk hissə, demək olar, qarşılıqlı hücumlar şəraitində keçdi. Uşaqlara təşəkkür edirəm. Fasilədən sonra çoxlu qol fürsətlərimiz oldu. Xarakter göstərib, layiqli şəkildə finala yüksəldik.

– Hesab daha böyük ola bilərdi. Epizodların dəyərləndirilməməsi həyəcanla bağlı idi? Finalda bu problemi necə aşmağı düşünürsünüz?
– Əlbəttə, əvvəlki matçlarda da realizasiya problemi yaşayırdıq. Bunu həll etməyə çalışırıq.

– Həm siz, həm komanda tarix yazdı. İlk dəfə finaldasınız. Kuboku qazanaraq, növbəti tarix yaza bilərsiniz…
– Daha bir oyun var. Titul bir prestijdir. Kuboku qazanmaq üçün əlimizdən gələni edəcəyik.

– Çempionatdakı növbəti rəqibiniz “Qarabağ”dır. Bu komanda ilə finalda da qarşılaşacaqsınız…
– Rotasiyalar olacaq. Sıx qrafikdəyik. Finalda hər şey ola bilər. Əlimizdən gələni edəcəyik.

– İlk oyunda daha dominant oynamışdınız, bu gün isə əksini seçdiniz. 2:1 hesablı qələbəni qorumaq istəyirdiniz? Nə üçün dominant futbol oynamadınız?
– İkinci hissədə oyunda üstünlük bizdə idi. Əsas odur, finaldayıq.

– Çempionat oyunlarına önəm verəcəksiniz, ya bütün diqqət finalda olacaq?
– Hər oyun bizimçün önəmli olacaq. Bunu finala hazırlıq kimi görəcəyik.

– Plan varmı ki, Leonid Slutskini Azərbaycana dəvət edəsiniz, finalda sizə mənəvi dəstək olsun?
– Böyük məmnuniyyətlə dəvət edərdim. Düşünürəm ki, özü də gəlmək istəyər. Lakin Çindəki qrafiki bilmirəm.


Paylaş: