
Qurban Qurbanov: "Kuboku götürmək istəyirik"
Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Qarabağ” və “Araz-Naxçıvan” arasında keçirilmiş cavab matçından (3:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb.
– Futbolçularımı təbrik edirəm. Gərginlik və yorğunluq olmasına baxmayaraq, sona qədər təmkinli oyun keçirdilər. Elmara və komandasına uğurlar arzulayıram. Azarkeşlərə də təşəkkür edirəm.
– Sanki ilk hissədə oyununuz alınmadı. Bunu nə ilə əlaqələndirirsiniz?
– Öncə rəqibin oyununu təhlil etmək lazım idi. Çünki biz 1:0 geridə idik. Rəqib isə çox yaxşı müdafiə olunurdu. İstər-istəməz ilk yarıda top itkiləri daha çox oldu. İkinci hissədə isə biz təzyiqi artırdıq və qollarımızı vurduq. Ümumən, kubok oyunları çempionat matçlarından çox fərqlidir. Bu gün də bunun şahidi olduq.
– Finalda hansı komanda sizin üçün daha arzuolunandır?
– Belə bir düşüncəm yoxdur. Sadəcə onu deyə bilərəm ki, finalda rəqibimiz nəticə üçün alışıb-yanan komanda olacaq. Bizi çox bərk, çox ağır oyun gözləyəcək. Hər iki komandaya uğurlar arzu edirəm. İstərdim ki, hər ikisi avrokuboklarda iştirak etsin. Çünki böyük sərmayə sərf ediblər. Onlar nəticədən çox infrastruktura yaxşı maliyyə ayırıblar və futbolçular üçün çox yaxşı şərait yaradıblar. Ona görə də həm “Neftçi”, həm də “Sabah”ı avrokuboklarda görmək istərdim. Amma finala kimi gəlmişiksə, kuboku da götürmək istəyirik.