
Felipe Santosdan ayrılıq siqnalı
“Azərbaycandakı karyeram ərzində bu, ən möhtəşəm mövsümümdür”.
Sportlife.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos deyib.
Braziliyalı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında hazırkı durumuna qiymət verib: “Daha əvvəl “Qəbələ” ilə Azərbaycan Kubokunu qazansam da, indiki dönəm daha gözəldir. Oyunlara daha çox fokuslanmışam, daim qol və assist sayını artırmağı düşünürəm. Hər şey istədiyim kimi gedir”.
28 yaşlı pleymeyker ikinci dəfə ölkə kubokunu qazanmaq arzusundadır: “Bu, “Araz-Naxçıvan”ın Premyer Liqada üçüncü mövsümüdür. Qısa müddətdə bu səviyyəyə çatmaq azarkeşlər üçün möhtəşəmdir. Komanda çox gözəl uyğunlaşıb, məşqçilər korpusu və futbolçular hər matçda əllərindən gələni edirlər. İnanıram ki, kubokun finalına yenidən yüksələcəyik və Avropa Liqasına vəsiqə qazanacağıq. Hazırda əsas hədəfimiz budur”.
“Araz-Naxçıvan”dan əvvəl ölkəmizdə “Şamaxı” və “Qəbələ”nin formasını geyinmiş Santos mövsümün sonunda komandadan ayrılacağını istisna etməyib: “Ümid edirəm ki, növbəti mövsüm daha gözəl olacaq. Burada qalıb-qalmayacağımı bilmirəm. Amma son günümə qədər əlimdən gələni edəcəyəm. Mənim və ailəmin gələcəyi üçün ən yaxşısını axtarıram. Hər kəs mənim bacarığımı bilir. Ona görə də yay “transfer pəncərəsi”ndə mənim üçün yaxşı şeylərin baş verməsini gözləyirəm”.
Qeyd edək ki, “Araz-Naxçıvan” 30 turdan sonra Premyer Liqada 52 xalla üçüncü pillədə qərarlaşır.