“Biz “Qarabağ”ı fikirləşmirik” - “Zirə”nin legioneri
“Növbəti oyunda qalib gəlmək üçün əlimizdən gələnin ən yaxşını etməyə çalışacağıq. Rəqibimiz "Neftçi"dir. Çox yaxşı kollektivdi, çətin oyun olacaq”.
Bu sözləri Sportlife.az-a açıqlamasında “Zirə”nin yarımmüdafiəçisi Pyer Zebli deyib. 25 yaşlı futbolçu Premyer Liqanın 14-cü turunda komandasını qabaqlayaraq turnir cədvəlində lider olan “Qarabağ” haqqında bunları söylədi:
“Biz “Qarabağ”ı fikirləşmirik. Bilirik ki, turnir cədvəlində bizi qabaqladılar. Amma biz öz oyunumuzu düşünməliyik. Mövsüm sonunda məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik”.
Gənc legioner “Ağdam klubunu qabaqlayıb yenidən lider ola biləcəksinizmi?” sualını belə cavablandırıb: “Dediyim kimi, “Qarabağ”ı düşünmürük. Ancaq öz oyunlarımıza fokuslanmışıq. Bu cür davam etsək yaxşı nəticələr əldə edə bilərik”.
Qeyd edək ki, Premyer Liqada 14 turdan sonra turnir cədvəlində “Qarabağ” 29 xalla lider, “Zirə” isə 2-cidir.