Axundov – Araz-Naxçıvan uçurumu

  • Bu gün, 17:25

Elmar Baxşıyevin “Araz-Naxçıvan”dan kənarlaşdırılması barədə yazmağa tələsmirdim. Düşünürdüm ki, bəlkə Zaur Axundov çempionluq sevdasına düşüb, gələcəyin komandasını qurmaq iddiasındadır. Dedim, bir neçə oyun da gözləyim. Amma “bəlkə” söhbəti olmadı.

Məlum oldu ki, Axundov durduğu yerdə sabitliyi olan bir komandanı uçuruma sürükləyən qərar verib.

Demçenkolu “Araz-Naxçıvan" keçirdiyi son iki oyunda səkkiz qol buraxıb. Bu fakt özü-özlüyündə çox şeyi izah edir. Amma problem təkcə nəticələr deyil. Problem qərarların necə və kim tərəfindən verilməsidir.

Zaur Axundov sabah çıxıb deyə bilər ki, mən kiməm ki? Rəsmi sənədlərdə klubun heç nəyi olmasa da, faktiki olaraq hər şeyi o idarə edir. Daha doğrusu, idarə edə bilmir, qarışdırır. Məsləhət verəni çoxdur, “futbolu bilən” dostları da az deyil. Amma ortada nəticə yoxdur. Nəsə tutuzdura bilmirlər.

“Araz-Naxçıvan”ın büdcəsinin əsas hissəsi dövlət dotasiyası hesabına formalaşır. Bu pullar hara gedir? Transferlərə. Bəs infrastruktur? Naxçıvandakı stadionun son görüntülərinə baxın. Heç bir yenidənqurma, heç bir inkişaf əlaməti yoxdur.

AFFA bu tip klublarla bağlı ölçü götürsün, bir zəhmət. Onlar da yaxşı bilirlər ki, “Araz-Naxçıvan” kimi klublar 2,5 milyon manat büdcə ilə futbolun başına hansı oyunları açırlar. Susmaq bu prosesə şərik olmaqdır.

Mirələm HƏSƏNLİ 


Paylaş: