1 il keçdi: Strategiya icrasız, Fərəcullayev fəaliyyətsiz
AFFA İcraiyyə Komitəsi düz bir il əvvəl Azərbaycan futbolunun “yol xəritəsi” adlandırılan inkişaf strategiyasını təsdiqləmişdi. Elə həmin gün Cahangir Fərəcullayev də baş katib kreslosuna əyləşmişdi.
Böyük hədəflər, iddialı danışıqlar, gurultulu vədlər... Zaman keçdi, pafos dağıldı.
Bir il sonra nə gördük? Bu strategiya real addımlara çevrildimi?
Bir il az müddət deyil. Bu zaman kəsiyində ən azı istiqamət görünməli idi. Strategiya qəbul olunubsa, deməli icra mexanizmi də olmalı idi. Mexanizm varsa, nəticə haradadır? Nəticə yoxdursa, məsuliyyət kimindir?
Bir il əvvəl verilən qərar Cahangir Fərəcullayevin üzərinə sadəcə vəzifə deyil, həm də ciddi öhdəlik qoyurdu. O kreslo nəticə üçündür; sadəcə oturmaq üçün təyin olunmamışdı.
Azərbaycan futbolunun hazırkı mənzərəsi isə göstərir ki, məsuliyyət ya dərk edilməyib, ya da bilərəkdən kənara qoyulub. Nəticə yoxdur. İcra yoxdur. Addım yoxdur.
Bu gün Azərbaycan futbolunun vəziyyəti bir həqiqəti çılpaq şəkildə göstərir: inkişaf strategiyası uğursuzluğa düçar olub. Bu uğursuzluğun da konkret ünvanları var. Adlar çəksək, hər kəs özünü bir tərəfə çəkəcək...
Mirələm HƏSƏNLİ