
“Turan-Tovuz”un braziliyalı transferi Brunao Sportlife.az-a müsahibə verib. 26 yaşlı futbolçu komandasının Premyer Liqanın son turunda “Sabah”la qarşılaşmasını şərh edib. Bununla yanaşı, o, Azərbaycan futbolu ilə bağlı fikirlərini bildirib.
-“Turan Tovuz” son turda “Sabah”a uduzdu. Evdəki məğlubiyyəti nə ilə əlaqələndirirsiniz?
-“Sabah” komandanın buraxdığı səhvlərdən yaxşı istifadə etdi və hesabda önə keçməyi bacardı. “Turan Tovuz” 3 xal üçün 90 dəqiqə stadionda vuruşdu. Təəssüf ki, olmadı. Komandamı təbrik edirəm, qarşıda bizi çox şey gözləyir.
-Xal və ya xallar qazanmağınıza nə mane oldu?
-“Sabah”la oyunun çətin olacağını bilirdik. Onların fərqli oyunçuları var. Amma istənilən rəqiblə qarşılaşmağa hazırıq.
-Son 2 turdur ki, ümumiyyətlə xal qazana bilmirsiz. Bunun səbəbini nədə görürsüz?
-Çempionat yeni başlayır, təsnifata baxmamalıyıq. Amma turnir cədvəlinə baxsaq, 3-cü yer üçün 6, 1-ci yer üçün isə 12 xal çatışmır. Qarşıda oyunlarımız çoxdur.
-Turnir cədvəlində 8-ci pilləyə yuvarlandınız. Vəziyyəti yaxşılaşdırmaq üçün Qəbələ səfərindən qələbə ilə ayrılmalısız. Bunu bacaracaqsız?
-Çempionatda yaranan fasilə “Qəbələ” ilə oyuna daha yaxşı hazırlaşmağımız üçün bizə vaxt qazandırdı. “Turan Tovuz” rəqibdən asılı olmayaraq, həmişə meydana 3 xalı qazanmaq üçün çıxır. “Qəbələ” ilə oyuna da bunun üçün çıxacağıq.
-Müdafiəçi olsan da, komandanın uğurlarına qol və qol ötürmələri ilə qatqı verməyi bacarırsan. “Sabah”la oyunda da qollardan birini sən vurdun...
-“Turan Tovuz” forması ilə ilk qolumu vurduğum üçün çox həyəcanlı idim. Qola çox sevindim, amma 3 xalı qazana bilmədiyimiz üçün üzüldüm.
-Öz ölkəndən əlavə, Portuqaliya klublarında da çıxış etmisən. Azərbaycanda oynamaq sənin üçün çətinlik yaratmır ki?
- Azərbaycanda oynayanda özümü çox yaxşı hiss edirəm, ailəm çox xoşbəxtdir və ölkəyə uyğunlaşır.
-Azərbaycan futbolu ilə Braziliya və Portuqaliya futbolu arasında hansı fərqlər var?
-Azərbaycan futbolu ilə Braziliya və ya Portuqaliya futbolu arasında heç bir fərq görmürəm.
Nərmin VÜQARQIZI