"Kəpəz"in uğursuzluq zənciri - Yenə də "sıfır"

  • 24 Sentyabr 2024, 16:05

"Kəpəz" 7 turdan sonra 0 xalla turnir cədvəlinin zirzəmisindədir. Bu, təkcə komandanın meydandakı uğursuzluğunu deyil, eyni zamanda klub rəhbərliyinin gördüyü işlərin nəticəsini əks etdirir.

Son turda “Kəpəz”in “Şamaxı”ya 0:2 hesabı ilə məğlub olması komandanın vəziyyətinin nə qədər kritik olduğunu göstərdi. Bu, "Şamaxı"nın 3-cü qələbəsi idi. Ayxan Abbasov bir daha aşağı büdcə ilə mübariz bir komanda qurmağın mümkünlüyünü ortaya qoydu.

"Kəpəz" rəhbərliyinin “Sponsorumuz yoxdu” və “Büdcəmiz aşağıdır” bəhanələri artıq keçmişdə qalmış bir melodiyadır. “Şamaxı”nın ortaya qoyduğu oyun isə bu bəhanələrin sadəcə qalxan olduğunu, klubun keyfiyyətli futbolçular seçmək üçün doğru strategiyaya sahib olmadığını göstərdi. Aşağı büdcə ilə də uğur qazanmağın mümkün olduğunu sübut edən “Şamaxı” modeli “Kəpəz”  rəhbərliyi üçün dərs olmalıdır.

Bu çətin vəziyyətdə “Kəpəz” Premyer Liqanı tərk etməyə əsas namizəddir. Klub rəhbərliyi yayda transfer olunmuş futbolçulara kompensasiya verməklə müqavilələri ləğv etməyə çalışır. Bu, “sıfır”dan başlamaq üçün yeni oyunçular gətirmək istəyən klubun əlavə məsrəf etməsi deməkdir. Çünki gedəcək futbolçulara ən azı 2-3 ayın maaşı verilməli olacaq. Bu isə onsuz da az dedikləri büdcənin bir hissəsinin havaya sovrulması anlamına gəlir. 

“Şamaxı” ilə oyundan sonra özünə hörmət edən klub rəhbərliyi hamılıqla istefa verməli idi. Lakin görünən odur ki, belə bir addım atmaq onların gündəmində yoxdur. “Kəpəz” rəhbərliyi öz səhvlərini görmək və düzgün qərarlar vermək əvəzinə vəziyyəti daha da pisləşdirən qərarlar qəbul edərək problemləri dərinləşdirir.

“Kəpəz”in yalnız meydanda deyil, eyni zamanda idarəetmə səviyyəsində də ciddi dəyişikliklərə ehtiyacı var. Özünü “sıfır”dan qura bilən “Şamaxı”nın örnəyi qarşısında “Kəpəz”in hazırkı durumu rəhbərlik və komanda arasındakı əlaqələrin sağlam olmadığını açıq şəkildə göstərir.


Paylaş: