"Səbail" böhranın dibində: Anlaşılmaz strategiya hara aparır?
Ardıcıl 3-cü, ümumilikdə 5-ci məğlubiyyət – Bayıl təmsilçisi üçün ağır statistikadır. Mövsümdə ümumilikdə 7 oyun keçirən komanda cəmi 4 xal toplaya bilib. Bu da yalnız bütün oyunlarda uduzan "Kəpəz" üzərindəki qələbə ilə mümkün olub. Amma bu qələbə belə "Səbail" üçün heç bir şeyi dəyişdirmədi – Böhran dərinləşdi.
"Səbail" yayda hazırlıq prosesini necə keçirib? Bu sualın cavabı meydanda özünü göstərir. Görünən odur ki, yay təlim-məşq toplanışı sadəcə kağız üzərində qalıb. Bu, sadəcə baş məşqçinin səhvi deyil – Komandanın performansındakı ciddi geriləmənin səbəbkarı bütün klub strukturudur.
Hər transfer komandaya yeni ruh gətirməli, komandanı gücləndirməli idi. Lakin "Səbail"in bu yay etdiyi transferlər nəinki komandanın oyununu gücləndirib, əksinə, meydanda bir-birini başa düşməyən oyunçular görürük. Yəni, bu, sadəcə səhv addım yox, tamamilə yolunu itirmiş bir strategiyanın nəticəsidir.
Komandanın bugünkü heyəti ilə böhrandan çıxacağına inanmaq çətindir. Meydanda bir-birinə güvənməyən və oyuna liderlik edə bilməyən futbolçular var. Böhran yalnız futbolçuların meydandakı oyunu ilə deyil, həm də kluba rəhbərlik edənlərin qərarları ilə də dərinləşir. "Səbail" gələcəkdə nələr edəcək? Bu sualın cavabını yaxın turlarda görəcəyik, amma mövcud vəziyyət müsbətə doğru dəyişəcək kimi görünmür.