"VAR-da Rəşad əyləşmişdi, yaxşı bir şey gözləmirdim" - Azər Bağırov
- Hər kəsi Zəfər Günü münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Gərgin oyun oldu. Qələbə qazanmaq istəyirdik. Heç vaxt heç-heçə barədə düşünmək istəmirik. Komandada qələbə ruhunu yaşatmaq istəyirəm. Amalımız döyüşkən komanda yaratmaq, heç kimdən çəkinməməkdir.
Sportlife.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov "Sabah"la oyundan (2:2) sonra keçirilən mətbuat konfransında deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Hakimliklə bağlı fikriniz necədir?
- Rəşad Əhmədov ötən mövsüm 26-cı turda cəzalandı, sonra 10 tur təyinat almadı. Yəqin ki, səbəbləri var idi. Bu gün də VAR-da Rəşad əyləşmişdi. Yaxşı bir şey gözləmirdim.
- Gəncəli veteranlar sizdən narazı idi. Artıq narazılığın bitdiyini demək olar?
- Təbii haldır. Hamı cavan kadrlara şübhəli yanaşır. Şükürlər olsun ki, bugünkü gündə dəstəyimiz var. Azarkeşlərimiz oyunlara gəlirlər. Gəncədə futbolu sevirlər. Hərənin sevgisi bir cür ola bilər. Amma nəticə də çox önəmlidir. "Səbail"lə oyunda bir az zəif çıxış etdik, amma nəticə qazandıq. Məncə, azarkeşlərimizin rəğbətini qazanmışıq və bizi sevirlər, dəstəkləyirlər.