
"Neftçi"də yeni baş məşqçi
Kişi basketbolçulardan ibarət “Neftçi” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportlife.az xəbər verir ki, Azərbaycan Basketbol Liqasının gümüş medalçısının “sükanı arxasına” Ukrayna yığmasının sabiq baş məşqçisi Vitali Stepanovski gətirilib.
43 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. Onun qarşısına əsas hədəf kimi Avropa Kubokunun qrup mərhələsində və ölkə çempionatında uğurlu çıxış qoyulub.
AVRO-2025-də uğursuzluqdan sonra yığmanın baş məşqçisi vəzifəsini tərk edən ukraynalı 2024-cü ilin dekabrından işsiz olub. Stepanovskinin rəhbərliyi ilə "Ximik” (Yujnı) klubu iki dəfə Ukrayna çempionluğunu qazanıb. Həmçinin o, Rumıniyanın “Krayova” və Estoniyanın “Parnu” komandalarını da çalışdırıb.
Qeyd edək ki, “Neftçi” mövsümü gürcüstanlı məşqçi Daviti Çivçivadzenin rəhbərliyi altında başa vurub.
“Ağ-qaralar” Avropa Kubokunun müntəzəm çempionatında I qrupda yer alıb. Bakı təmsilçisi "Kalev/Kramo" (Estoniya), "Bursaspor" (Türkiyə) və "Trefl"lə (Polşa) növbəti mərhələ uğrunda mübarizə aparacaq.