"Xankəndi" nazirə müraciət etdi

  • Dünən, 18:34

II Liqaya yüksələn "Xankəndi" ev oyunlarını adını daşıdığı şəhərdə keçirmək istəyir.

Sportlife.az xəbər verir ki, klub bununla bağlı Gənclər və İdman Nazirliyinə müraciət edib.

Müraciətdə deyilir:

"Qısa müddət ərzində geniş azarkeş auditoriyasının rəğbətini qazanan və ölkə mediasının diqqət mərkəzində olan “Xankəndi” Futbol Klubu yeni mövsümdə ev oyunlarını Xankəndi şəhər stadionunda keçirmək məqsədilə gənclər və idman naziri Fərid Qayıbova rəsmi müraciət ünvanlayıb.

Klubumuz ilk mövsümündə Region Liqasının qalibi olaraq II Liqada iştirak hüququ qazanıb və indiyədək rəqiblərini Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda qəbul edib. Lakin qarşıdan gələn mövsümdən etibarən “Xankəndi”nin ev oyunlarının doğma Xankəndi şəhərində, azarkeşlərimizin önündə keçirilməsi əsas hədəflərimizdəndir. 

Onu da xüsusi vurğulamaq istərdik ki, artıq Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetinin müəllim və tələbə heyəti tərəfindən komandamızın fan-klubu təsis olunub. Onlar doğma komandalarını bu şəhərdə görmək arzusunu böyük coşqu və istəklə ifadə edirlər.

Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevin ölkə idmanına göstərdiyi xüsusi diqqət və azad olunmuş ərazilərdə idmanın, xüsusilə futbolun inkişafı istiqamətində atdığı mühüm addımlar bizdə dərin inam yaradır ki, yaxın gələcəkdə klubumuz ev oyunlarını doğma şəhərimiz Xankəndidə keçirmək imkanı əldə edəcək.

Bu istiqamətdə atılan hər bir addım, təkcə “Xankəndi” üçün deyil, bütövlükdə bölgənin sosial və idman həyatının canlanması baxımından da mühüm əhəmiyyət kəsb edir".


Paylaş: