24 Aprel 2023, 15:51

Aprelin 25-27-də bədii gimnastika üzrə 28-ci Bakı birinciliyi keçiriləcək.

Sportlife.az xəbər verir ki, Bakı Olimpiya İdman Kompleksində keçiriləcək yarışda “Ocaq Sport” klubu, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Grasiya” klubu, Su İdmanı Sarayı, Zirə Mədəniyyət Mərkəzi, Şağan Olimpiya İdman Kompleksi və FHN İdman-Sağlamlıq Kompleksini təmsil edən gimnastlar paytaxtın ən güclüsü adı uğrunda mübarizəyə qoşulacaqlar.

Yarışda idmançılar fərdi (balacalar – 2013-cü, 2014-cü, 2015-ci il təvəllüdlü, yeniyetmələr - 2011-2012-ci il təvəllüdlü, gənclər - 2008-2010-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında (balacalar - 2013-2015-cü il təvəllüdlü, yeniyetmələr - 2011-2012-ci il təvəllüdlü, gənclər - 2008-2010-cu il təvəllüdlü) mübarizə aparacaqlar.

Üç gün davam edəcək yarışda qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Çempionlar fərdi gimnastlar, yeniyetmə və gənclərdən ibarət qrup komandaları arasında çoxnövçülük, balacalardan ibarət qrup komandaları arasında isə həm çoxnövçülük, həm də ayrı-ayrı alətlər üzrə bəlli olacaq.