"Futbolçularda konsentrasiya problemi olduğunu düşünürəm"
Bu gün AzərbaycanPremyer Liqasında 25-ci tura yekun vurulub. Son matçda "Turan Tovuz" "Qəbələ" önünə çıxıb. Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Sportlife.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze jurnalistlərin suallarını cavablandırıb:
"Bayram münasibətilə hər kəsi təbrik edirəm. Çox axmaq qollar buraxırıq. "Neftçi" ilə oyunu yada salsaq, həmin oyunda da cərimə meydançasında bizim 4, onların 1 futbolçusu var idi. Lakin çox asan qol buraxdıq. Azarkeşləri də başa düşürəm. Təbii ki, nəticəyə baş məşqçi cavabdehdir. Mən də qorxmuram, cavab verməyə hazıram. Biz rəqibə bütün komponentlərdə uduzmuruq. Futbolçularda konsentrasiya problemi olduğunu düşünürəm. Biz bundan sonra daha yaxşı hazırlaşmağa çalışacağıq. Liqada qalmaq üçün əlimizdən gələni edəcəyik."
- Futbolçularda psixoloji baxımından problem olduğu görsənir. Baş məşqçi kimi bu problemi aradan qaldırmaq üçün hansı addımı atmağı düşünürsünüz?
- Təbii ki, komanda uduzanda üzərimizdə daha çox təzyiq olur. Son ay yarımda 11 oyun keçirdik. Bu gərginlikdə matçlar keçirmək oyunçularda psixoloji problem yaratmışdı. Daha güclü olmalıyıq. Qışdan sonra daha yaxşı oynayırdıq. Lakin nəticə qazanmaqda çətinlik çəkirik. Vaxt var. Bundan sonra daha yaxşı çıxış etməliyik.