ATF-ə beynəlxalq mükafat
Polşanın Qdansk şəhərində keçirilən Avropa Tennis Assosiasiyasının Ümumi İllik İclasında Azərbaycan Tennis Federasiyasının icraçı direktoru Səbirə Abdullayeva iştirak edib.
Sportlife.az xəbər verir ki, toplantıda Beynəlxalq Tennis Federasiyası tərəfindən Avropa Tennisə üzv ölkələr tennis sahəsində gördükləri işlərə görə mükafatlandırılıb.
Bu il Azərbaycanla yanaşı, Türkiyə və Malta da tennisin inkişafında göstərdikləri əhəmiyyətli irəliləyişlərə görə mükafata layiq görülüblər.
Səbirə Abdullayeva əldə olunan uğuru yüksək qiymətləndirib. O bildirib ki, bu nəticə federasiya əməkdaşlarının və tennisin inkişafı üçün çalışan hər kəsin birgə zəhmətinin bəhrəsidir. Onun sözlərinə görə, ölkədə həyata keçirilən işlər beynəlxalq qurumların diqqətindən yayınmayıb və layiqincə qiymətləndirilib.
Qurum rəsmisi qeyd edib ki, ötən il də Avropa Tennis Assosiasiyasının Ümumi İllik İclasında uzunmüddətli xidmətlərinə görə fərdi mükafata layiq görülüb. O əlavə edib ki, bu dəfə Azərbaycanın adına təqdim olunan mükafatı qəbul etmək onun üçün xüsusi qürur və məsuliyyət hissi doğurur.
Abdullayeva vurğulayıb ki, bu mükafat yalnız idman nailiyyəti deyil, həm də Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun göstəricisidir.