"İnanıram ki, bu nəsil Los-Anceles-2028 üçün də eynisini edə bilər"
Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Məmmədov Estoniyanın Tallin şəhərində keçirilən yarış barədə Avropa Cüdo Birliyinin rəsmi saytına açıqlama verib.
Sportlife.az xəbər verir ki, Məmmədov Azərbaycan yığmasının fərdi yarışlarda (4 qızıl, 2 gümüş, 2 bürünc) medal sıralamasında birincilik əldə etməsindən və komanda yarışında Fransanı məğlub edərək qızıl medal qazanmasını vurğulayıb:
"Azərbaycan millisi Avropa çempionatında dörd gün boyunca öz tonusunu saxladı. Turnirin dördüncü və sonuncu günündə də vəziyyət dəyişmədi. Komanda yarışındakı qızıl bizim üçün taclandırıcı bir uğur idi. Biz doqquzuncu medalımıza, beşinci qızıla inandıq. Həlledici görüş üçün püşkatma zamanı Fidan Əlizadəyə (57 kq) dedik ki, sən əsl çempionsan, ardıcıl ikinci dəfə uduzmayacaqsan! Bu, mənə Praqadakı nəsli xatırladır. Onda Vüsal Qələndərzadə (73 kq.) də qaliblər sırasında idi. Onun o zamankı komanda yoldaşı Elcan Hacıyev artıq bu il Paris olimpiadasında iştirak etdi. İnanıram ki, bu nəsil Los-Anceles-2028 üçün də eynisini edə bilər. Onlardan üç-dördünün, hətta daha çoxunun olimpiada üçün potensialı var".