Rəşad Abdullayevin "Neftçi-2"dəki uğur formulu – MÜSAHİBƏ

  • Dünən, 17:31

Hazırda Əvəzedicilər liqasında lider olan "Neftçi-2"nin baş məşqçisi Rəşad Abdullayevin Sportlife.az saytına müsahibəsini sizə təqdim edirik:

"Neftçi-2" artıq iki mövsümdür Əvəzedicilər liqasında rəqiblərinə aman vermir. Hətta bəzi oyunçularınız əsas komandaya yüksəlsə belə, bu, komandanın performansında problem yaratmayıb. Nələri düzgün edirsiniz?

- Mən artıq üçüncü ildir “Neftçi-2"də çalışıram. Birinci il I Divizionda çıxış etdik və sonda ikinci yeri tutduq. Bütün əvəzedici komandaları geridə qoyduq. Bircə “Araz-Naxçıvan” bizi qabaqladı. Onlar da bizdən çox təcrübəli idi. Həmin il çox yaxşı oyunçular qazandıq. Keçən il də çempionluğu qeyd elədik. Komandamızda çoxlu oyunçular yetişdi. Əsasən də iş prinsipimiz ondan ibarətdir ki, şəxsən mən özüm çalışıram ki, komandada nizam-intizam olsun. Futbolçulara həmişə tənqidi yanışırıq, tərif də olur. Daha çox çalışmışıq ki, kənardan nə qədər tərifləsələr də, onlar daim rəqabətdə olsunlar. Bunu ona görə istəyirik ki, daha çox inkişaf edə bilsinlər. Məşqlərdə, oyunlarda ciddi olsunlar, gələcəkdə də bunun mütləq bəhrəsini görəcəklər. Keçən illə müqayisədə heyətimiz çox dəyişib, istədiyimiz futbolçuların çoxu gedib. Yeni futbolçular götürmüşük, onlarda yavaş-yavaş bizim komandaya öyrəşməyə çalışırlar.

Necə düşünürsünüz, dünya praktikasında olduğu kimi əvəzedici komandalar aşağı liqalarda mübarizə aparmalıdı, yoxsa indi olduğu kimi elə onlar üçün ayrıca liqa keçirilməlidi?

- Belə deyim, əvəzedici komandaların öz liqasında oynaması yaxşı olar. Divizionda da oynamışıq, o da maraqlı idi. 17-18 yaşlı futbolçularımız varıydı, özündən 10-15 yaş böyük futbolçularla oynayırdılar. Bu, bizim üçün çox yaxşı inkişaf vasitəsi oldu. Amma öz liqalarında oynamaq da müsbət haldır. Həm də ki bu liqada oynaya-oynaya çalışmışıq ki, əsas komandaya layiqli oyunçular yetişdirək.

Gənc oyunçuların inkişafında ən çox nəyə diqqət yetirirsiniz? İlk növbədə onlara məsləhətiniz nə olur? Peşəkar futbolçu olmaq üçün hansı özəlliklərə malik olmalıdılar?

- Daha çox onlarla ünsiyyət qurmağa çalışıram. İndiki futbolçularla çox danışmaq lazımdır. Mən həmişə istəmişəm ki, futbolçularımız irəli getsin. Onlarla ünsiyyətdə olub gələcəyi göstərmək lazımdı. Çünki, onlara baxanda öz gəncliyim yadıma düşür. Biz də o dövrlərdə futbol oynayanda bilmirdik ki, hansı səviyyəyə gəlib çata biləcəyik. Bizim dönəmdə şərtlər çox ağır idi. Mənim yaşıdlarım məni yaxşı başa düşər. Çox çətinlik çəkmişik. Bəlkə də heç bilmirdik ki, futbolçu ola biləcəyik, yoxsa yox. Maddi baxımdan, meydança amili, toplar, formalar və s. Bu gün futbolçuların hər cür şəraiti var, “Neftçi” kimi komandada oynayırlar. Əsasən məsləhətim o olur ki, daha tez böyüsünlər, böyük futbol oynasınlar. Elə çətin yaş dövrüdü ki, biz onlara çox dəstək olmalıyıq. Bu mövzular barədə daim onlarla söhbət edirəm.

- Peşəkarlıq ondan irəli gəlir ki, biri var sən həvəskar futbolçusan, həftədə 2-3 dəfə məşq edirsən, birdə var hər gün gedib-gəlirik, əziyyət çəkirik. Futbolçularıma həmişə deyirəm ki, bu əziyyətin bəhrəsini görməlisiniz: həm oyunlarda, həm şəxsi həyatınızda. Peşəkar futbolçu nümunə olmalıdır. Loru dildə desək, küçədə, yaxud hardasa onu görəndə daim yüksəkdən səsləndirsinlər ki, bu oyunçu necə nümunəvi futbolçudur. Komanda olaraq da həmişə ona çalışmışıq ki, nümunəvi komanda olaq. Harasa getsək, bizim haqqımızda yaxşı fikirlər səsləndirsinlər. Peşəkarlıq onu tələb edir ki, şəxsi həyatına diqqət yetirməlisən.

Ötən mövsüm Ağadadaş Salyanski, cari mövsümdə isə Murad Məmmədov əsas komandaya yüksəlib. Ardı gələcək?

- Murad Məmmədovun çıxışı bizi doğrudan çox sevindirir. Həmişə onun istedadına inanmışam. Biz onu U-16 liqasından götürmüşdük. Yaşı az olmasına baxmayaraq biz onu 19 yaşlılarla bir yerdə oynadırdıq. Potensialı buna imkan verirdi. Keçən il də bizimlə çempion oldu. Bu ildən əsas komandayla birlikdə daha çox olur, oyunlara çıxır. Baxımlı qol da vurdu, bu, bizi çox sevindirir. Nizam-intizamlı uşaq idi, özünə fikir verirdi. Buna görə də bu gün əsas komandanın heyətində çıxış edir. Bizim belə potensiallı futbolçularımız çoxdur. Mən inanıram ki, onun kimi digər futbolçularımız da “Neftçi”nin əsas komandasında debüt edəcəklər.

Bu gün Azərbaycan futbolunda Rəşad Abdullayev kimi futbolçu demək olar yoxdu. Əvvəl bu ölkədə daha çox futbolçu yetişirdi. Ancaq onda da nəticə yoxuydu. Necə düşünürsünüz, bizim futbolda ən böyük problem nədir? Oyunçu çatışmazlığı yoxsa yetişdirənlərin yetəri qədər yaxşı olmaması?

- Çalışmışam, hansı komandada oynayıramsa, ora xeyir verim. Həmin komandanın uğurlarında bir payımız olsun. Əlbəttə, gələcəkdə də istəyirik ki, belə futbolçular yetişsin. Belə deyim də, əvəzolunmaz yoxdu təkraredilməz var. Mən oynadığım futbolu kimsə təkrar edə bilməz, amma daha yaxşısını edə bilən futbolçularımız ola bilər. Son vaxtlar çox yerlərdə deyirlər ki, futbolçu qıtlığımız var. Bu, başa düşüləndir. Futbolçuların yanında olmaq lazımdır. Yerli futbolçulara çox ehtiyacımız var. Nə futbolçumuz varsa, onlara dəstək olmaq lazımdır ki, olanı da itirməyək. Mən həmişə bunun tərəfdarı olmuşam. Hamımız desək ki, futbolçu yoxdur, çəkilsək bir kənara, zatən oyunçu tapa bilməyəcəyik. Loru dildə desək, qolumuzu çırmalayıb onların yanında olmalıyıq ki, gələcəkdə də yaxşı səviyyədə oynayacaq oyunçularımız yetişsin, biz də onlara baxaq fəxr edək.

Valideynlər uşaqların, yeniyətmələrin futbolçu kimi yetişməsində onlarla necə davranmalıdır?

- Açığı, bu, bu gün böyük problemdir. Düzdü, şükürlər olsun, bizim komandada belə problem olmayıb. Mən U-19-da işləyəndə də, indi də valideyn müdaxiləsi ilə rastlaşmamışam. Futbolçularımızın yanında mən həmişə böyük qardaş kimi, həm də bir valideyn kimi olmuşam. Demişəm mən burdayam, nə probleminiz varsa, biz burda həll edəcəyik. Aşağı liqaların oyununa baxmağa gedəndə bəzən görürəm ki, uşağın işinə müdaxilə edirlər, onun psixologiyasını korlayırlar. Həmin valideynlərlə danışmaq lazımdır ki, uşaqlara mane olmasınlar. Daha çox imkan versinlər ki, uşaqlar öz məşqçiləriylə danışsınlar. Belə deyək ki, bu əsas problemlərdən biridir. Hansı valideyn ki futbol barədə uşağına qarışır, həmin uşağın inkişafı bir az da dayanır. Bizim dövrümüzdə belə şeylər olmayıb. Bu bir az uşağın psixologiyasına təsir edir. Şükürlər olsun ki, bizim komandada belə şey yoxdur. Uşaqların hansı yaşda olmasına baxmayaraq futbol barədə bütün problemlərini özümüz həll etmişik.

Təhsillə futbolu bir yerdə aparmaq mümkündürmü? Yoxsa hansınısa seçməlisən?

- Təhsil mütləq lazımdır. Bizim dövrümüzdə təhsilə çox fikir vermirdilər, futbolçunun istedadı varıydısa, onunla qabağa gedirdi. Bu gün bizim futbolçularımızdan tələbimiz də olur ki, təhsillərinə fikir versinlər. Çünki, savadlı futbolçulara çox ehtiyacımız var. Mütləq buna da fikir veririk. Gələcəkdə artıq seçimini futbolçunun ixtiyarına buraxırıq: ya təhsil, ya futbol. Olur ki, bəzən ikisini bir arada alındırmaq olmur.  Amma bayaq dediyim kimi savadlı futbolçular mütləq bizə lazımdı. Ali təhsil hamıya lazımdır. Gələcəkdə də məsləhətimiz o yöndə olacaq ki, oxumağa davam etsinlər. Ancaq idmanı, məşqlərini axsatmamaq şərtiylə.

Elnur İsmayılov

 

 

 

 


Paylaş: