"Ferandu Santuş bu barədə nə düşünür?"

  • Dünən, 15:28

“Limit ləğv olunsa, azərbaycanlı futbolçulara mənfi təsir edəcək. Bu, ölkə futbolunun çöküşü deməkdir”. 

Bu sözləri Sportlife.az-a açıqlamasında veteran futbolçu, hazırda “Araz-Naxçıvan” komandasında köməkçi məşqçi işləyən Əfran İsmayılov Azərbaycan futbolunda legioner limitinin mümkün ləğvi məsələsi ilə bağlı danışarkən deyib.

O, bu məsələnin mərhələli şəkildə həyata keçirilməsinin doğru olduğunu bildirib: “Birdən-birə bunu etmək bizə uyğun deyil. Əvvəl 7+4 idi, daha sonra 8+3 dedilər. Bunun üçün ilk növbədə klubların sayını artırmaq lazımdır. Limit ləğv olunsa, oyunçular harada gedib oynayacaq? Aşağı liqada olan klubların da şəraiti göz önündədir. Türkiyə və Rusiya futbolunu nümunə gətirirlər. Amma bu iki ölkənin ikinci liqası bizim Premyer Liqadan hər tərəfli üstündür. İndi akademiyalardan çıxan futbolçuların taleyi necə olacaq? Bu, hazırda yaxşı vəziyyətdə olmayan milli komandaya da mənfi təsir göstərəcək. Onsuz bir-iki yaxşı oyunçu çıxır, onun da qarşısını belə alacağıq. Desək ki, gedib legioner həyatı yaşayacaq, bu da alınmır. Çünki Avropadan gələn təkliflərin bəzisi bizim klubların verdiyi maaşdan az olacaq. İndi qərar verilib, buna hörmətlə yanaşırıq. Karyeramı bitirmişəm, mən də deyərəm ki, limit ləğv olunsun. Ancaq uzun illər yığmanın şərəfini qoruyan və Vətəni sevən biri kimi istəmirəm ki, yerli oyunçularımız batsın. Mənə və hamıya maraqlıdır, Ferandu Santuş bu barədə nə düşünür?"


Paylaş: