Qurban müəllim, siz orada nə edirsiniz?

  • Dünən, 12:09

Hörmətli Qurban Qurbanov,

Baxıram ki, İcraiyyə Komitəsinin iclası artıq xeyli müddətdir ki, gecikir. İclasın sizə görə ləngidiyini düşünürəm. Yəqin ki, rəhbərlik sizin də həmin iclasa qatılmağınızı istəyir. Lakin hörmətli Qurban müəllim, bu gözlənti nahaqdır. Sizin orada iştirakınız nəinki zərurət, heç ehtiyac da deyil. Futbolun idarəçiliyində həlledici qərarların verildiyi bir dövrdə, sizin bu iclaslarda iştirak etməyiniz sadəcə protokol tələbindən başqa bir şey deyil.

Amma gəlin, açıq danışaq. Sizin İcraiyyə Komitəsində yer almanız hansı futbol məntiqinə söykənir? Komitə üzvlərinin adlarına baxaq: Rövşən Nəcəf, Sərxan Hacıyev, Maqsud Adıgözəlov, Balakişi Qasımov... Bir-birindən parlaq "futbol mütəxəssisləri". Axı onlar varkən, siz niyə əlavə yük olasınız? Sizin mövcudluğunuz bu strukturun harmoniyasını pozur. Hamı bilir ki, inkişaf strategiyası artıq yazılıb, təqdimata hazırdır, bircə təsdiqlənməsi qalır. Bu prosesi sizin varlığınız olmadan da uğurla həyata keçirmək mümkündür. Bəs niyə proseslər uzansın, qərarlar geciksin?

Hörmətli Qurban müəllim, səmimi deyək, hazırkı reallıq fərqlidir. Bu iclasda qəbul olunacaq qərarlara etirazınız başadüşüləndir, lakin legioner limitinin ləğvinə qarşı çıxmağınız bir çoxlarının iqtisadi maraqlarına toxunur. Düz etmirsiz... Futbol bazarının qapılarını açıb, əcnəbi oyunçuların inkişafına imkan vermək əvəzinə, niyə onların şanslarını məhdudlaşdırırsınız? Bəlkə, bu məsələyə bir qədər də geniş və obyektiv baxış sərgiləmək lazımdır? Siz inkişafa mane olursunuz.

Ümid edirəm ki, bu çağırışa biganə qalmayacaqsınız və İcraiyyə Komitəsindəki vəzifənizdən könüllü şəkildə imtina edəcəksiniz. Sizin bu addımınız bir çoxlarının ürəyincə olacaq. Onsuz da orada kifayət qədər "peşəkar" var. Belə bir komanda ilə futbolumuzun gələcəyi "parlaqdır". Onların varlığı futbolumuz üçün kifayət qədər perspektiv və ümid vəd edir.

Əziz Qurban müəllim, gəlin, hər kəs öz bildiyi sahədə fəaliyyət göstərsin. Hər şeyi vaxtında buraxmaq da bir incə sənətdir.

Mirələm Həsənli 


Paylaş: