Sərxan Hacıyevin "Cırıq Top" strategiyası
Yəqin ki, hamımız xatırlayırıq, AFFA-nın keçmiş baş katibi, icraçı prezidenti Elxan Məmmədovun dövründə hər şey bir az fərqli idi. O, özü lazım biləndə bölgələrə səfərlər edib, uşaqlara “top festivalları” ilə sevinc bəxş edirdi. Özü də necə? Gündəmdə qalmaq üçün yetərincə kreativ idi – 5-10 top paylamaqla belə manşetlərə çıxmağı bacarırdı. Hətta kimin yadından çıxıbsa, narahat olmağa dəyməz, AFFA-nın hazırkı icraçı vitse-prezidenti Sərxan Hacıyev bunu yaxşı xatırlayar. Hacıyev o zamanlar Məmmədovun kölgəsində idi, indi isə artıq özü bu kresloda əyləşib. Lakin bir problem var – Kreslo var, kreativlik yoxdur.
İndi isə AFFA-nın uşaqlar liqasında oynanılan toplara nəzər salaq. Hamı gördü, hər kəs bildi. İllik 27-30 milyon manat büdcəsi olan bir federasiyanın ortaya qoyduğu nəticə – Cırıq toplar! Bəli, əvvəllər Elxan Məmmədov ən azı yeni toplar paylayıb futbol inkişafının “uzaqgörən lideri” obrazını yaradardı. İndi isə AFFA idarəçiliyi daha "praktik" yanaşma sərgiləyir – Cırıq toplarla büdcəni “qorumaq”.
Əlbəttə, toplar sosial şəbəkələrdə yayıldıqdan, hər kəs “məhsul keyfiyyəti"ni görüb güləndən sonra yeniləri ilə əvəz olundu. Amma əsas məsələ budur: Niyə belə? AFFA-nın rəsmi açıqlamasında deyilir ki, həmin toplar “ehtiyat” idi. Bəli, gözlərimiz doldu, qəlbimiz titrədi. Nə gözəl strateji yanaşmadır! Demək, ehtiyat toplar məhz cırıq olmalı imiş. Həqiqətən, əla futbol idarəçiliyidir!
Biz bu açıqlamaya inanmadıq. Futbolsevərlər, azarkeşlər belə bir yalana necə inansın? Sərxan Hacıyev özü inandımı? Görünən odur ki, AFFA-nın yeni idarəetmə üslubu əvvəlkilərdən yalnız daha "kreativ" yalanlarla fərqlənir.
Hörmətli Sərxan müəllim, gəlin etiraf edək: AFFA büdcəsi yetərincə böyükdür, amma onu düzgün idarə etmək üçün “cırıq” düşüncə ilə yox, “top” səviyyəli yanaşma ilə çalışmaq lazımdır. Əks halda, futbolumuzun təkcə topları deyil, bütün strukturu “ehtiyat variant” kimi cırılıb gedəcək.
Unutmayaq ki, futbol həvəskarları gözünü açıb, hər şeyin fərqindədir. Bəlkə də növbəti “top” qalmaqalı olmadan AFFA idarəçiliyi reallığı görməyə başlasa, daha gözəl olar. Əks halda, gələcəkdə bizi cırıq xəyallar gözləyir...
Mirələm Həsənli