"Nürnberq" karyeram qısa, lakin gözəl alındı"

  • Bu gün, 10:30

Azərbaycan millisinin futbolçusu Mahir Emreli yollarını ayırdığı Almaniyanın "Nürnberq" klubu ilə bağlı fikirlərini bölüşüb.

Sportlife.az xəbər verir ki, 27 yaşlı hücumçu bu barədə "Bild" nəşrinə açıqlama verib.

2-ci Bundesliqanın XXXIV turunda "Ayntaxt" (Braunşveyq) komandasına qarşı görüşdə het-trik edən forvard bunları deyib: "Nürnberq" karyeram qısa, lakin çox gözəl alındı. İndi başa çatması üzücüdür. Amma bu şəkildə vidalaşa bildiyim üçün şadam".

Emreli gələcək planlarından da söz açıb: "Agentimə dedim ki, məni mövsümün sonunadək narahat etməsin. Hələ heç nə qərarlaşdırılmayıb. Son günədək bütün diqqətimi "Nürnberq"ə yönəltmək mənim üçün vacib idi".

Qeyd edək ki, mövsümün əvvəlində 2-ci Bundesliqa təmsilçisinə keçən Mahir Emrelinin müqaviləsinin müddəti uzadılmayıb. O, "Nürnberq"in heyətində çempionatda 10, ölkə kubokunda 1 qola imza atıb. Azərbaycanlı hücumçu ilə adı açıqlanmayan Bundesliqa klubunun və "Kayzerslautern"in maraqlandığı deyilir.


Paylaş: