Fiasko reallığı: Rəfiyevin məsuliyyət etirafı nəyi dəyişir?

  • Bu gün, 16:07

"Sumqayıt"ın prezidenti Riad Rəfiyevin idarəçiliyini fiasko adlandıranda bəziləri dərhal müdafiə mövqeyinə keçmişdilər ki, ötən mövsüm aşağı büdcə ilə komandanı avrokuboklara çıxaran bir şəxsə bu cür yanaşma ədalətli deyil. Amma onlar anlamırdılar ki, hər dövrün öz hökmü, öz qiymətləndirmə meyarı var. Necə ki, biz həmin uğurlu dövrdə “Sumqayıt”ın uğurunu görməzlikdən gəlməmiş, görülən işləri təqdir etmişdik.

Bugünkü reallıq isə tamam fərqlidir. "Sumqayıt" Premyer Liqada 9-cu pillədə qərarlaşıb. Komanda liqada qalmaq uğrunda mübarizə apardı və bu, rəhbərliyin qarşıya qoyduğu məqsədlə heç cür uzlaşmır. Rəfiyev özü də futbolpress.az-a müsahibəsində bunu açıq şəkildə etiraf edir: məqsəd bu deyildi. Elə isə bu idarəetmə fiasko deyil, bəs nədir? - Bu, açıq-aşkar uğursuzluqdur və səbəblərin başında rəhbərlik dayanır.

Rəfiyevin məsuliyyətdən qaçmadığını deməsi pozitiv not kimi görünə bilər. Amma məsuliyyət təkcə sözlə yox, əməl və nəticə ilə ölçülür. Futbol elə bir sahədir ki, keçmiş uğurlar indiki problemlərin üstünü örtə bilməz. 

Klub rəhbərliyi bir sistem qurmalı, davamlılığı təmin etməli idi. Lakin görünən odur ki, ötənilki uğur sadəcə anlıq sıçrayış olub, arxasında nə dayanıqlı idarəetmə, nə də peşəkar planlama dayanıb. Sistem yoxdursa, idarəetmə strategiyası iflasa uğrayıbsa, komanda geriləməyə məhkumdur.

Mirələm HƏSƏNLİ 


Paylaş: