Rəşad Sadıqov: "Utziqlə bağlı tədbirlər görülür"

  • Bu gün, 11:53

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”a 0:4 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Sportlife.az müsahibəni təqdim edir:

- Oyunla bağlı fikirləriniz necədir?

- İlk yoldaşlıq görüşümüz idi. Mövsümün açılışını etdik. Nəzərə alsaq ki, birinci oyun idi, məmnun qaldıq. Futbolçular özlərini gözlədiyimdən daha yaxşı göstərdilər. Yaxşı formadadırlar. Bu da bizi sevindirir. İndi vacib olan Türkiyədəki yoldaşlıq görüşlərində daha yaxşı çıxış edib, ideal vəziyyətə yaxınlaşmaqdır.

- Çox qol buraxmağınız müdafiənin zəifliyindən qaynaqlanır?

- Qol buraxmaq həmişə problemdir. Qapımızda 4 qol görsək də, fərqlənmək üçün yaxşı fürsətlərimiz var idi. Nəticə mənim üçün bu gün o qədər də önəmli deyil. Bu gün 4:0 hesabı ilə qalib gəlsəydik də, mənim üçün dəyişən nəsə olmayacaqdı. Vacib olan futbolçuların oyun praktikalarını yaxşılaşdırmaqdır. Rəsmi oyunlarda çox qol buraxsaq, yaxud fərqlənmək üçün xeyli şansı boşa versək, bu, narahat olmaq üçün əsas verər. Hazırlıq dönəmində bu məqamlar təhlükəli deyil.

- “Hayduk”la oyunlardan öncə Salifu Suma və Rafael Utziqin mümkün gedişi “Zirə” üçün ciddi itkidir. Onların yerini doldurmaq mümkün olacaq?

- Bu baxımdan ciddi problem yaşayırıq. Salifuya ciddi təkliflər var, danışıqlar gedir. Hər an razılıq əldə oluna və komandanı tərk edə bilər. Onu heyətində görmək istəyən komandalar avrokuboklarda iştirak edirlər və turnirin startına qədər keçidi reallaşdırmağa çalışırlar. Çünki “Zirə”nin heyətində meydana çıxsa, sonra digər kollektivin formasını yalnız qrup mərhələsində geyinə bilər. Hələ danışıqlar gedir. Utziqin durumu fərqlidir. O, komandadan ayrılmaq istəyir. Biz də transferə çıxarmışıq. Hər hansı bir təklif almasını gözləyirik. İstənilən halda birdən-birə iki aparıcı hücumameyilli oyunçunun itkisi komanda üçün problemdir.

- Onların əvəzinə transfer reallaşdırmaq fikriniz var?

- Axtarırıq. Lakin qısa müddət ərzində problemi həll etmək asan olmayacaq. Hətta tapsan belə, oyunlara nə dərəcədə hazır olub-olmayacaqları da sual altındadır.

- Utziqin bu gün “Zirə” ilə müqaviləsi var və komandanın məşqlərində olmalıdır, lakin yoxdur. Bununla bağlı hər hansı addım atmaq fikriniz var?

- İlk gündən hüquqi çərçivədə tədbirlər görülür. Müqaviləsi olduğu üçün komandaya qayıtsa, düşərgədə olmadığı hər günə görə cərimə olunacaq. Özünə də bu haqda məlumat verilib.

- Ötən il mübarizəyə Avropa Liqasından qoşulmuşdunuz, sonradan məğlub olaraq çıxışınızı Konfrans Liqasında davam etdirdiniz. Necə deyərlər, bir səhv etmək, uduzmaq haqqınız var idi. İndi isə belə bir şans yoxdur. Bu məqam komandanızın üzərində əlavə təzyiq yaratmır?

- Xüsusi bir təzyiq hiss eləmirik. Bilirik ki, rəqibimiz “Xayduk”dur. Rəqib güclüdür, biz də özümüzü güclü hesab edirik. Düşünürəm ki, bizi maraqlı oyunlar gözləyir.

- Avrokuboklar üçün əvvəlki illərdən fərqli olaraq, bu dəfə “Neftçi Arena”nı seçməyinizə səbəb nə oldu?

- “Neftçi Arena” hazırda Azərbaycanda, xüsusən də beynəlxalq oyunlar keçirmək üçün bəlkə də ən ideal stadiondur. Təbii ki, bu, hər iki komanda üçün üstünlük olacaq. Kiçik stadionda oynadıqda bir qədər fərqli olur. Bu cür kompakt arenada oynamaq rəqibin də motivasiyasını artırır. Lakin biz gözəl futbolu seçdik. Üstəlik, bu il “Liv Bona Dea Arena”da “Araz-Naxçıvan” da avrokubok matçını keçirəcək. Digər səbəb “Neftçi”nin özünün avrokuboklarda çıxış etməməsidir. Biz onlardan xahiş etdik. “Neftçi” rəhbərliyinə bir daha təşəkkür etmək istəyirəm ki, xahişimizi nəzərə alıb, orada oynamağımıza icazə verdilər. Əks halda başqa alternativlər axtarmalıydıq. Azarkeşlər üçün də rahat olacaq. Biz də istəyirik ki, baxımlı və gözəl futbol olsun. Həm azarkeşləri sevindirək, həm də özümüz sevinək.

- Komanda hazırda neçə faiz hazırdır?

- Faiz olaraq qiymətləndirə bilməyəcəyəm. Lakin gözlədiyimdən daha yaxşıdır. İstirahətdən qayıtsaq da, futbolçuların durumu yaxşıdır. Bu da bizi sevindirir. Bir qədər də artırmalıyıq. Futbolçular özləri də bunu yaxşı başa düşürlər. Keçən il bizim üçün yaxşı təcrübə oldu. Ən vacib məqam iyulun 23-dəki ilk oyuna hazır oılmaqdır.  


Paylaş: