Kamran Quliyevin inamı, təminatı və yalanı - "Neftçi" idman mətbuatını və azarkeşləri necə aldadır?

Kamran Quliyevin inamı, təminatı və yalanı - "Neftçi" idman mətbuatını və azarkeşləri necə aldadır?

  • 8 Fevral 2019, 13:39

“Neftçi”nin xəyalpərəst prezidenti Kamran Quliyev İtaliya mətbuatına müsahibə verib. C seriyasından aldığı 32 yaşlı futbolçudan ağızdolusu danışan Quliyev, bu mövsüm 2 oyuna cəmi 30 dəqiqə meydanda olan, C seriyasında mübarizə aparan “Novara”ya da lazım olmayan “qoca”nın “Neftçi”yə xeyir verəcəyinə inandığını bildirib.

“Neftçi”ni Çempionlar Liqasının 1/4  finalında görmək istəyən şəxsdən bunu da gözləmək olar. Açığı mən də istəyərəm e, ancaq Kamran Quliyev kimi prezidentlə yox da, mümkün deyil axı. Çünki bu prezidentlə “Neftçi” Avropa səviyyəsinə çıxa bilməz. Ötənilki “Uypeşt” biabırçılığını unutmamışıq hələ.

Bu şəxsin ancaq danışmağı var. Dilinə görə dilçəyi yoxdur. “Uypeşt”lə cavab matçı öncəsi “Neftçi”ni növbəti mərhələdə gördüyünü dedi, rəqib 4 cavabsız qolla mərhələni keçən tərəf oldu, Kamran Quliyevin gözləri də ona xəyanət etdi.

 İndi, guya Sansone adlı futbolçunu keçmiş məşqçilərdən maraqlanıblar, təminat alıblar. Təminat ha! Yaşayaq, görək bu təminatın axırı necə olacaq?...

Kamran Quliyev italyanlara danışmağında olsun, bizdə isə yeni məlumat var. Elə Kamran Quliyevin məharətləri haqda. Sportlife.az-a kluba yaxın olan mənbə bildirir ki, Kamran Quliyev və ətrafı həm mətbuatı, həm də azarkeşləri aldadır. Məlumata görə, Bakıxanov qəsəbəsindəki təlim-məşq bazasında tikinti işləri DAYANDIRILIB. Bir müddət əvvəl bəh-bəhlə “tikinti işləri davam edir” deyə həm “facebook” , həm də rəsmi saytları vasitəsilə bar-bar bağıran klub idarəçiləri, indi bu söhbəti qoyublar bir qırağa, gündəmi yeni transfer xəbərlərilə zəbt edirlər.

Məlumatı verən mənbə bildirir ki, İsmət Qayıbov adına təlim-məşq bazasını “Türk Hava Yolları” Məşq Mərkəzi adlandıran klub idarəçilərinin sponsorlardan və SOCAR-dan aldıqları pullar yoxa çıxıb, bütün büdcənin transferlərə xərcləndiyini bildirən Kamran Quliyevə indi SOCAR da yaxın durmur. Bu ilin ortalarına qədər bazanı təhvil verməli olan xəyalpərəst prezidentin məşhur türk şirkətinə və SOCAR-a nə cavab verəcəyi maraq doğurur. Görəsən onu bu posta gətirəndə təminat vermişdilər ki, Kamran Quliyevdən “Neftçi”yə prezident olar?

Mirələm Həsənli


Paylaş: