
Dünya Oyunlarında 5-ci "gümüş"
Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında fəxri kürsüyə qalxıblar.
Sportlife.az xəbər verir ki, qarışıq cütlük proqramında çıxış edən Vladimir Dolmatov və Madina Mustafayeva gümüş medal qazanıblar. Onlar final mərhələsində yalnız yaponiyalı cütlük Mizuki Saito və Riri Kitazumedən geri qalıblar.
Qeyd edək ki, avqustun 17-dək davam edəcək Dünya Oyunlarında Azərbaycan 6 - akrobatika gimnastikası, aerobika gimnastikası, tamblinq, karate, uşu, kikboksinq idman növündə 14 idmançı ilə təmsil olunur. Hazırda Azərbaycan komandasının hesabında 5 gümüş medal var. Daha əvvəl İrina Zaretska (karate), Tofiq Əliyev (tamblinq gimnastikası), Daniyel Abbasov və Murad Rəfiyev (akrobatika üzrə duet) və Amin Quliyev (kikboksinq) mükafatçılar sırasında yer alıblar.