
Birinci Liqada zirvə yarışı: “Şəfa”nın ambisiyası, “Səbail”in qayıdış arzusu
Birinci Liqada çempionluq yarışı indidən hiss olunmaqdadır. Əsas favorit kimi iki paytaxt klubu – “Şəfa” və “Səbail” ön plana çıxıblar. Hər iki komanda 3 oyuna maksimum nəticə qazanaraq liderliyi bölüşür. Bu, həm rəqiblərə mesaj, həm də çempionluq mübarizəsinin nə qədər gərgin keçəcəyinin göstəricisidir.
Ötən mövsüm Premyer Liqada uğursuz çıxış edərək aşağı liqaya yuvarlanan “Səbail” rəhbərliyi indi həmin səhvləri təkrarlamaq istəmir. Klub aşağı liqa üçün kifayət qədər güclü və balanslı heyət qurub, məqsəd isə aydındır. Elitaya geri dönmək istəyən klub, ötənilki uğursuzluqdan sonra zədələnmiş imicini bərpa etmək istəyir.
“Şəfa” ötən mövsüm ikinci liqada gümüş medal qazanaraq diqqətləri üzərinə çəkmişdi. Yeni mövsümdə isə komanda daha iddialı görünür. Klub rəhbərliyi futbolçu seçimində xəsislik etməyib və komandanın hədəfinə uyğun seçimlər edib. Edilən transferlər və rəhbərliyin sərf etdiyi maliyyə dəstəyi göstərir ki, “Şəfa”nın hədəfi yalnız çempionluqdur.
Belə görünür ki, əsas rəqabət bu iki komanda arasında gedəcək. Böyük ehtimalla, çempionluğun taleyi onların öz aralarındakı oyunlarda həll olunacaq. Bu oyunlar həm turnir cədvəli, həm də psixoloji üstünlük baxımından xüsusi əhəmiyyət daşıyacaq.
Nəticə etibarilə, Birinci Liqada yeni mövsümün əsas intriqası artıq formalaşıb. “Şəfa” ambisiyası, “Səbail” isə qayıdış arzusu ilə çempionluq yolunda ilk gündən iri addımlar atırlar.
Sportlife.az