
Çürük sistemin faciəsi
Azərbaycan futbolu bu gün ən acı günlərindən birini yaşayır. Əsas və U-21 millilərimiz eyni gündə qapılarından ümumilikdə 10 cavabsız top buraxdılar. Bu nə gözlənilməzdir, nə də təsadüf. Azərbaycan futbolunu yaxından izləyənlər bilir ki, bu illərdir görülməyən işlərin, yanlış idarəçiliyin və yarıtmaz siyasətin qanunauyğun nəticəsidir.
Oyunlardan sonra adətən təhlillər aparılır, səhvlər qeyd olunur... Amma Azərbaycan futbolunda bu heç bir məna kəsb etmir. Çünki təhlil yalnız mövcud işin üzərində qurulur. Bizdə isə ortada iş yoxdur. Hansı səhvdən, hansı düzəlişdən danışmaq olar?Köhnələr də, yenilər də Azərbaycan futbolunu düzəltmək əvəzinə, kökünə elə balta vurublar ki, biz ancaq hər dəfə müəyyən intirqalardan, AFFA-nın yarıtmaz siyasətindən danışmalı oluruq.
Azərbaycan futbolunun ən böyük düşməni AFFA-da vəzifə tutanlar, 40 milyondan çox büdcə ilə mənasız işlər görənlərdir. Əgər bu pullar həqiqətən futbolun inkişafına yönləndirilsəydi, biz bu gün fərqli mənzərə ilə üzləşə bilərdik.
Ən böyük faciə budur ki, bu gün futbol öyrənən uşaqlar sabahın millisini formalaşdıracaqlar. Amma onlar da təməli çürük sistemdə yetişdikləri üçün bugünkü futbolçuların səhvlərini təkrar edəcəklər. Yəni indiki böhran sadəcə bu günümüzü deyil, gələcəyimizi də məhv edir. AFFA-nın səriştəsiz idarəçiliyi, intriqalarla dolu mühiti və məsuliyyətsiz yanaşması Azərbaycan futbolunu dünya arenasında biabırçı vəziyyətə salmaqda davam edir.
Sportlife.az