
Məsuliyyətdən qaçanlar
Ölkə futbolunun taleyinə imza atan adam haradadır? Varlığı ilə yoxluğu bilinməyən AFFA prezidenti Rövşən Nəcəf tribunalarda görünmür, stadionlara getmir, mətbuat qarşısına çıxmır. Amma qapalı iclaslarda əsas qərarları o verir. Niyə?
Bir zamanlar çox danışan icraçı vitse-prezident Sərxan Hacıyev indi fotolarda, bəzi oyunlarda görünür. Bəs indi niyə danışmır? Yəqin bilir ki, artıq onu tanımayanlar da indi yaxşı tanıyır. Başa düşür ki, ölkə futbolunun maraqlarını yox, öz mənafeyini qoruyan adam olduğu üzə çıxıb. Hacıyev heç bir əməli işi ilə AFFA-da lazımlı şəxs olduğunu isbatlaya bilmədiyi üçün sadəcə susur və öz kreslosunu qorumağa çalışır.
Nə qədər gizlənməyə, məsuliyyətdən qaçmağa, hədəfdən yayınmağa çalışsalar da, millinin rüsvayçı vəziyyətinin sorumluları onlardır. Ağır günlərdə gözə görünməyən İcraiyyə Komitəsinin heç bir üzvünün özünü kənara çəkmək haqqı yoxdur.
Azərbaycan futbolunun durumu mat vəziyyətindən də acınacaqlıdır. Şahmatda matdan sonra oyun başa çatır. Bizim futbolda isə oyun bitmir, illərlə eyni gedişlər təkrarlanır...
Mirələm HƏSƏNLİ