Fərəcullayevin manipulyasiyası

  • Dünən, 11:39

Bravo, Cahangir bəy!

Millimizin növbəti rüsvayçı məğlubiyyətindən sonra jurnalistlər qarşısına çıxıb kəskin fikirlər səsləndirmisiniz. Demisiniz ki, bu nəticə baş məşqçi Fernandu Santuşun Azərbaycan xalqına qarşı olan hörmətsizliyidir. Əslində, dediklərinizin bir hissəsi doğrudur. Bu, həqiqətən də hörmətsizlikdir. Ancaq təkcə Santuşunmu?

Yəni bu bərbad nəticədə sizin və AFFA rəhbərliyinin payı yoxdurmu? Onu milli komandaya urcah edən, ona güvənən kimlər idi? Bu biabırçılığın günahını yalnız məşqçiyə yükləməklə məsuliyyətdən qaça bilərsinizmi?

Əgər doğrudan da açıq danışmaq istəsəydiniz, Rövşən Nəcəfin, Sərxan Hacıyevin, bir az da özünüzün bu hörmətsizlikdə duzunuzun olduğunu deyə bilərdiniz. Bu nəticələr AFFA-nın verdiyi məsuliyyətsiz qərarların nəticəsi deyilmi?

Əslində, Santuş sizdən daha açıq danışıb. Deyib ki, hamımız cəzalandırılmalıyıq. Bəli, hamınız! O, sizdən daha dürüst mövqe sərgiləyib. Bu utancverici vəziyyətdə günahı ancaq baş məşqçinin üzərinə atmaq millətin gözünə kül üfürməkdən başqa bir şey deyil.

İndi, siz və AFFA rəhbərliyi cəzalandırılmağa hazırsınızmı, yoxsa yenə də məsuliyyəti üzərinizdən atıb xalqın səbrini sınamağa davam edəcəksiniz? Xalqı aldatmaq, ümidlərlə oynamaq hörmətsizlik deyilmi?

Mirələm HƏSƏNLİ 


Paylaş: