Fərəcullayevin AFFA-dakı ilk 100 günü - Riskli boşluq

  • Bu gün, 13:14

Siyasətdə "ilk 100 gün" sadəcə təqvim göstəricisi deyil. Bu dövr liderin vizyonunu, iradəsini və idarəçilik fəlsəfəsini ortaya qoyan simvolik mərhələdir. Franklin Ruzveltdən başlayaraq bu anlayış siyasi tarixdə rəhbərlərin cəmiyyət qarşısında öz prioritetlərini və strateji baxışlarını ilk dəfə ortaya qoyduğu mərhələ kimi qəbul edilir. Bu model zamanla yalnız dövlət strukturlarında deyil, digər idarəetmə sahələrində – o cümlədən idmanda da tətbiq olunmağa başlayıb. Xüsusilə illərdir sistem böhranı yaşayan AFFA kimi qurumlar üçün belə bir başlanğıc mərhələsi həm simvolik, həm də funksional əhəmiyyət daşıyır.

Yeni baş katib Cahangir Fərəcullayevin AFFA-da ilk 100 günü tamamlandı. Bəs bu dövr nə il yadda qaldı?

– Meksika səfiri ilə diplomatik şəkil,
– Futbol veteranlarına verilən maykalar,
– Bir neçə rayonda stadionlara "baxış" adı altında səfərlər – və yenə şəkil...

Cəmiyyətin gözlədiyi islahat siqnalları, struktur dəyişiklikləri, uşaq futbolunda atılacaq addımlar, region futboluna dəstək mexanizmləri - hamısı ya təxirə salındı, ya da ümumiyyətlə gündəmə gətirilmədi.
Əvəzində AFFA rəhbərliyinin sosial media gündəmi formaya bürünmüş görüntülərlə doldu. Sanki illərdir problemi "formalarla" ört-basdır etmək olar.

100 gün kifayət qədər uzun müddətdir ki, bir rəhbərin hansı yolla getmək istədiyini anlamaq mümkün olsun. Cahangir Fərəcullayev bu 100 günü mənasız keçirdi. Nə faydalı görüşlərini gördük, nə də ümid verən qərarlarını. Bu isə idarəçiliyin ən riskli formasıdır: boşluq.

AFFA-nın daxilində nə baş verir? Bunu zaman göstərəcək. Amma kənardan görünən odur ki, vəziyyət dəyişməyib, sadəcə şəkli çəkilən adam dəyişib.

İlk 100 gün belə keçdisə, ikinci 100 gündə AFFA-nın daha böyük böhranlara sürüklənməsi mümkündür. Çünki sistem dəyişmirsə, şəxslərin dəyişməsi sadəcə vitrin effekti yaradır.

Mirələm HƏSƏNLİ 


Paylaş: