"Kəpəz"də davam edən sponsor böhranı - İdarəetmədəki uğursuzluq

  • Bu gün, 18:43

"Kəpəz" illərdir maliyyə çətinlikləri ilə üzləşir. Dövlət tərəfindən ayrılan maliyyə hələ ki, klubu Premyer Liqada saxlamaq üçün kifayət edir. Ancaq bu yardım gündəlik tələbləri qarşılayacaq səviyyədədir. Bu vəziyyət klubu davamlı inkişafını və uzunmüddətli perspektivlərini sual altına salır.

"Kəpəz" federasiyanın əvvəlki rəhbərliyi tərəfindən təyin edilmiş İlqar Nadiri tərəfindən idarə olunur. Bu şəxs uzun müddətdir ki, klubu idarə edir, lakin sponsor tapmaqda uğursuzdur. Onun sponsor axtarışındakı davamlı uğursuzluqları klubun inkişafını əngəlləyir. Rəhbərin sponsor tapmaq üçün aktiv addımlar atmaması və sponsorların marağını cəlb edə biləcək yeni strategiyalar tətbiq etməməsi klubun maliyyə vəziyyətinin daha da pisləşməsinə səbəb olur.

"Kəpəz"in sponsor tapa bilməməsi böyük ölçüdə idarəetmə problemləri ilə bağlıdır. Nadiri tez-tez sponsorsuz klub idarə etməyin çətinliyindən danışır. Bu yanaşma onun öz işini effektiv şəkildə həyata keçirə bilmədiyini və klubu inkişaf etdirmək üçün lazım olan strateji düşüncədən məhrum olduğunu göstərir. Sponsor tapmaq üçün daha çox təşəbbüs, markalaşma strategiyaları və təşviqat tədbirləri tətbiq edilməlidir.

Bu klubda vəziyyət necə dəyişə bilər? 

Klubun rəhbərliyində ediləcək dəyişikliklər yeni ideyalar gətirə bilər. İdarəetmədə yeni yanaşmaların tətbiqi klubun maliyyə vəziyyətinin yaxşılaşdırılmasına kömək edə bilər. Sponsor tapmaq üçün aktiv və innovativ strategiyalar tətbiq edilməlidir. Klubun marketinq və PR fəaliyyətlərinə daha çox diqqət yetirmək potensial sponsorları cəlb etmək üçün əhəmiyyətli ola bilər.

"Kəpəz" ictimaiyyətlə əlaqələri gücləndirərək klubun imicini yaxşılaşdırmalı və daha çox maraqlı tərəfi cəlb etməlidir. Sosial media və digər kommunikasiya vasitələrindən daha effektiv istifadə etməyə çalışmalıdır.

"Kəpəz"in hazırkı vəziyyəti idarəetmə və maliyyə problemlərinin birgə nəticəsidir. Klubun müasir tələblərə uyğun inkişaf etməsi və müstəqil sponsorlar tapması üçün idarəetmə strukturunda köklü dəyişikliklərə ehtiyac var. Yalnız belə bir yanaşma ilə "Kəpəz" keçmiş şöhrətini bərpa edə bilər...

Mirələm Həsənli


Paylaş: