Sistemli uğursuzluğun klonlaşdırılması

  • 7 Aprel 2025, 18:50

AFFA ilə "Sabah"ın sistematik uğursuzluqları təsadüfi deyil. Hər iki qurumun idarəetmə modeli yalnız ad xatirinə mövcuddur, qərarların şəffaflığı və uzunmüddətli strateji inkişafını təmin edən mexanizm isə yoxdur.

Birində futbolun strateji inkişafı, digərində isə klubun dayanıqlı strukturu demək olar ki, mövcud deyil. Paradoks ondadır ki, hər iki qurumda “menecment” anlayışı yalnız formaldı; mahiyyət isə şəxsi simpatiyalarla yüklənmiş, qeyri-peşəkar qərarlarla bərbad edilmiş bir tənəzzül xronikasıdır.

Son 5 oyunda cəmi 3 xal toplayan klubun baş məşqçisi Berezutskinin adı qurbanlıq siyahısına salınıb. Əslində isə bu, məşqçidən çox, idarəetmənin öz-özünü ifşa etmə üsuludur – günah keçisi psixologiyası...

Baş məşqçinin gündəmə gətirilməsi, diqqətin klubun real böhran nöqtələri olan idarəedici boşluqlardan və vizionsuzluqdan yayındırılmasıdır.

AFFA bunu ustalıqla tətbiq edir: sistem çöksə də, günahkar həmişə başqası olur – bir gün baş məşqçi, bir gün futbolçu, bir gün azarkeş.


Və nəhayət, bu tragikomik tabloda Maqsud Adıgözəlov obrazı ön plana çıxır: klub daxilində sabitlik yaratmaqda aciz olan birinin AFFA-nın dirçəlişinə töhfə verəcəyinə inanmaq intellektual insult riskini artıracaq qədər təhlükəlidir. Çünki sistem özü-özünü çoxaldan virus kimidir. Bir strukturda pozulan nizam, digərinə sirayət edir...

Mirələm HƏSƏNLİ 


Paylaş: