Tərlan Əhmədov nə etməlidir?

Tərlan Əhmədov nə etməlidir?

  • 19 May 2023, 15:52

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 22-ci turunda səfərdə “Turan Tovuz”la matçdan (0:2) sonra mətbuat konfransında belə bir fikir səsləndirmişdi: “Bu gün sizin qarşınızda deyirəm, Premyer Liqada qalandan sonra “Kəpəz”dən gedəcəm”.

Tərlan Əhmədov üçün artıq o gün yetişib. 34-cü turda “Kəpəz”in Premyer Liqada qalması rəsmiləşdi və hələ ki, Əhmədovdan xəbər yoxdur...(?)

Yazını bura qədər oxuyanların bəziləri düşünəcəklər ki, Əhmədov niyə getməlidir? İzah edim...

12 tur bundan öncə Əhmədov mətbuat konfransında komandanın problemlərini qabartmış və sonda “gedəcəm” söyləməklə sanki klub rəhbərliyinə yaxşı düşünmək üçün vaxt vermişdi. Halbuki Əhmədov komandaya baş məşqçi təyin olunanda hara və hansı kluba gəldiyini yaxşı başa düşdüyünü deyirdi. Deməli, o vaxt səsləndirilən fikirlər şəraitdən narazılıq deyil, kimlərəsə göndərilən üstüörtülü mesaj idi. (!)  

İndi Premyer Liqa oyunlarının başa çatmasına 2 tur, Tərlan Əhmədovun “Kəpəz”lə müqaviləsinin bitməsinə 1 ay vaxt qalıb. Lakin belə görünür ki, zaman Əhmədovun xeyrinə yox, ziyanına işləyib. Yəni klub rəhbərliyi yaxşı düşünüb və yeni müqavilə təklifi olmayacaq. Bunu son turda “Zirə” ilə oyundan sonra Tərlan bəyin Sizə kim deyib ki, mən getməyəcəyəm?” deməsindən də başa düşmək olur. O, sanki bu sözləri ilə vəziyyətin yaxşıya doğru dəyişmədiyini və yeni müqavilə təklifi almadığına işarə vurur.

Əgər belədirsə, bunu klubun nöqsanı kimi qələmə verə bilmərik. Hər halda, klub rəhbərliyinin baş məşqçi ilə müqaviləni uzatmaq məcburiyyəti yoxdu. Əgər belə bir istək yoxdursa, demək ki, Əhmədov “Kəpəz”in gələcək planlarına daxil deyil.   

Bu vəziyyətdə Tərlan Əhmədovun ata biləcəyi ən yaxşı addım elə günü bu gün istefa verib klubdan ayrılması olar. Müqaviləsinin yenilənməyəcəyini bildiyi halda, istənilmədiyi yerdə niyə qalsın ki? Xarakter göstərib sözünü tutması və növbəti iş təkliflərini gözləməsi onun üçün daha xeyirli olar. Ruzini verən Allahdır...

Mirələm Həsənli


Paylaş: