Sponsor dilemması - "Kəpəz" İlqar Nadiri səddini aşa biləcəkmi?

  • Dünən, 23:33

Futbol təkcə qazon üzərində top qovmaq deyil, eyni zamanda sistemli idarəetmə, strateji planlama və maliyyə axınlarının düzgün yönləndirilməsidir. Ancaq bəzi klublar üçün bu anlayışlar mövcud deyil.

“Kəpəz”in illərdir sponsorsuz qalması, əslində, sadəcə bir maliyyə problemi kimi qiymətləndirilə bilməz – bu, İlqar Nadiri və onun rəhbərlik etdiyi idarəçiliyin böhran içində olduğunu, şəxsi maraqların və qeyri-peşəkar yanaşmanın futbolun inkişafından üstün tutulduğunu göstərir. Onlar üçün futbolun inkişafı yox, kreslonun qorunması prioritetdir. Klub hər il autsayderlər sırasında yer alır, azarkeşlər uzaqlaşır, amma İlqar Nadiri və ətrafı öz yerində qalır. Onların düşüncəsində "inkişaf", "şəffaflıq" və "strateji idarəetmə" kimi anlayışların heç bir əhəmiyyəti yoxdur.

Düşünün, sponsor gəlir, kluba milyonlar yatırmağa hazırdır, amma İlqar Nadiri və komandasının mövqeyi dəyişmir: "Pulunu ver, amma idarəçiliyə qarışma." Əgər bu klub feodal dövründə olsaydı, yəqin ki, yeni gələn sponsorlar "xərac ödəyən vasallar", rəhbərlik isə "təxminən əbədi vəzifədə olan feodal lordlar" kimi qəbul olunardı. Ancaq futbol artıq kapitalist bazar iqtisadiyyatının bir hissəsidir, burada isə maliyyə gəlir, amma qarşılığında idarəetmədə iştirak haqqı tələb olunur. Lakin "Kəpəz"də İlqar Nadiri üçün bu, yolverilməzdir – çünki rəhbərlik açıq nəzarət və şəffaf idarəetmə deyil, qapalı və öz daxili qaydaları ilə işləyən bir sistem istəyir.

Bəs bu qeyri-maddi dəyərlərlə işləyən klub necə ayaqda qalır? Hər il dövlətdən ayrılan vəsaitlə klub bir mövsüm daha necə gəldi yaşayır, amma inkişaf etmir. Marketinq yoxdur, kommersiya strategiyası yoxdur, sponsor tapmaq bacarığı sıfır, lakin İlqar Nadiri kreslosunu qorumaq üçün maksimum səviyyədə səy göstərir.

Sponsorların kluba rəhbərlik etmək istəməsi məntiqlidir. Heç kim ayırdığı pulların hara getdiyini bilmədiyi bir sistemə yatırım etmək istəməz. Amma İlqar Nadiri nə edir? Sponsoru müxtəlif maneələrlə klubdan uzaqlaşdırır, o qədər sərt şərtlər qoyur ki, iş adamları öz pullarını daha məntiqli yerlərə yatırmağa üstünlük verirlər.Yəni faktiki olaraq, "Kəpəz" təkcə futbolda deyil, maliyyə menecmentində də autsayderdir.

Nəticədə, "Kəpəz" nəinki sponsor tapa bilmir, hətta ayağına gələnləri də qaçırır. İlqar Nadiri və ətrafı üçün əsas məsələ klubun inkişafı deyil, kresloların qorunmasıdır. Gəncə futbolu isə illərdir şəxsi maraqların qurbanı olur, stadion boşalır, azarkeşlər kluba arxa çevirir, amma rəhbərlik dəyişmir. Əgər bu, strateji futbol menecmentinin parlaq nümunəsidirsə, demək, idman iqtisadiyyatı dərsliklərini yenidən yazmaq lazımdır.

Gəncə futbolunun gələcəyi şəxsi maraqların girovuna çevrilib. Azarkeşlər artıq ümidini itirib. Görək, "Kəpəz" İlqar Nadiri səddini aşacaq, yoxsa klub tarixin yaddaşına həkk olunacaq?

Mirələm Həsənli 


Paylaş: