"Sumqayıt" xaos labirintində

  • 10 Fevral 2025, 16:55

Futbol nəticə idmanıdır. Meydanda gözəl oyun sərgiləmək, azarkeşləri həyəcanlandırmaq və ya yaxşı statistika göstərmək hələ uğurun qarantiyası deyil. Uğur nəticənin konkret ifadəsi, qələbə və qolların faktiki göstəricisidir. Dekabr ayından bəri "Sumqayıt"ın bu şərtləri yerinə yetirə bilməməsi isə artıq sadəcə müvəqqəti çətinlik deyil, sistematik böhrandır.

Yeddi oyundur ki, Riad Rəfiyevin komandası nəinki 3 xal üzünə həsrətdir, hətta qol vurmağı belə unudub. Bu, təsadüfi nəticələr toplusu deyil, bu, dərinləşən taktiki iflicin və kreativ hücum planlarının olmamasının nəticəsidir. Həm nəticələr, həm də performans ümumi oyun mexanizminin tənəzzülə uğradığını göstərir.

Vaqif Cavadovun baş məşqçi postuna gəlişi ilkin mərhələdə komandanın oyun fəlsəfəsində müəyyən dinamizm yaratmışdı. Bu, ilk baxışda "Sumqayıt"ın dirçəlişi kimi qiymətləndirildi. Lakin bir komandanın uzunmüddətli dövr ərzində performans göstərə bilməsi üçün sadəcə psixoloji və emosional impulslar deyil, sistematik oyun planı və fərdi keyfiyyətlərin düzgün tətbiqi lazımdır.

Təəssüf ki, Cavadovun komandasında hücum təşkilatçılığı, pressinq dinamikası və keçid fazalarının effektivliyi ilə bağlı ciddi problemlər mövcuddur. Komandanın oyun ritmi statikdir, fərdi istedadlara bağlı hücum anlayışı isə ancaq rəqibin taktiki zəiflikləri fonunda nəticə verə bilər.

Komandanın qarşıdakı oyunlarına nəzər saldıqda işlərin daha da qəlizləşdiyini görmək çətin deyil. "Zirə", "Neftçi" və "Qarabağ" – bu üç komanda ilə ardıcıl matçlara çıxmaq psixoloji cəhətdən gərginlik yaradacaq.

Bu təqvim komandanın onsuz da zəif vəziyyətdə olan psixoloji durumunu daha da ağırlaşdıracaq. Üstəlik, uğursuz seriyanın davam etməsi təkcə nəticələrə deyil, klubdaxili atmosferə və azarkeşlərin inamına da təsir edəcək.

Bütün bu mənzərə fonunda əsas sual ortaya çıxır: "Sumqayıt" niyə bu vəziyyətə düşüb?

Bunun əsas səbəblərindən biri transfer siyasətində edilən yanlış seçimlərdir. Komanda heyətini gücləndirmək əvəzinə öz potensialını tam itirmiş futbolçulara güvəndi. Hücum xəttində yaradıcı və effektiv oyunçuların olmaması, komandaya qollar qazandıra biləcək hücumçu çatışmazlığı bu siyasətin acı nəticəsidir.

Rəqiblər güclü legionerlərlə, fərdi ustalığa malik oyunçularla heyət qurarkən, "Sumqayıt" məhdud büdcəni düzgün idarə edə bilmədi və transferlərdə strateji yanaşma göstərmədi. Bu isə oyun planının zəifləməsinə və komandanın qol vurmaqda ciddi problemlər yaşamasına səbəb oldu.

Əgər yaxın zamanda köklü dəyişikliklər edilməzsə, "Sumqayıt" qələbə həsrətindən çıxmaq bir yana, daha dərin böhran mərhələsinə keçid edə bilər. Çünki futbol sadəcə keçmiş uğurların xatirəsi ilə yaşanan bir oyun deyil. Futbol daim nəticə tələb edən qəddar bir sistemdir və bu sistemə uyğunlaşa bilməyənlər sadəcə tarixin "tozlu səhifələri"nə yazılır.

Mirələm Həsənli


Paylaş: