Yeni adlar, eyni səhvlər – "Kəpəz"də xaos dərinləşir

  • Dünən, 13:27

İlk iki turun nəticələrindən aydın olur ki, "Kəpəz" mövsümə hazır deyil. Əvvəlcə "Sumqayıt"a, ardınca isə debütant "Karvan-Yevlax"a məğlubiyyət göstərir ki, yenilənmə adı altında aparılan işlər gözlənilən nəticəni verməyib. Həm oyun keyfiyyəti, həm də yeni transferlərin səviyyəsi bunu sübut edir. Gəncə təmsilçisi uğursuz çıxışı ilə artıq ən zəif kollektiv kimi görünür.

Kəpəz” illərdir daxili çəkişmələrin mərkəzindədir. İndi isə İlqar Nadirinin yerini Fərman Əlizadə və Erkin İbrahimov kimi şəxslərin təsir dairəsinə buraxması, köhnə problemlərin sadəcə başqa adlarla davam etdiyini göstərir. Yeni rəhbərliyin transfer siyasəti də tənqid hədəfindədir. Əksər futbolçular ya komandanın oyun üslubuna uyğun deyil, ya da gözlənilən performansı sərgiləyə bilmir. Sanki yeni transferlər sadəcə say artırmaq üçün gətirilib. Futbolçu seçimi ciddi analiz və strateji yanaşma tələb edir. Əgər bu prinsip gözardı olunursa, meydanda uğursuz nəticələr labüddür.

Obyektiv yanaşsaq, "Kəpəz"in indiki durumu klubun illərdir davam edən sistemsiz idarəçiliyinin nəticəsidir. Yeni rəhbərlik də hələlik dəyişiklik etməyi bacarmayıb, əksinə, komandanı daha da çətin vəziyyətə salıb. Əgər bu gedişat davam edərsə, "Kəpəz" həm turnir cədvəlində, həm də azarkeşlərin etimadında tamamilə geri düşəcək. Azarkeş nəticə və oyun görmək istəyir. Klubun xilas yolu yalnız düzgün idarəçilik, şəffaf siyasət və real futbol strategiyası ilə mümkündür. Əks halda, nə azarkeş dəstəyi qalacaq, nə də komanda ayaqda dura biləcək.

Mirələm HƏSƏNLİ 


Paylaş: