Sonun başlanğıcı?

  • Dünən, 15:12

“Neftçi” yeni mövsümə gözlənilməz dərəcədə zəif başladı. İlk turda “Şamaxı” ilə, ikinci turda isə debütant “İmişli” ilə heç-heçə edən “ağ-qaralar” azarkeşlərini ciddi şəkildə məyus etdi. 30 milyona yaxın büdcəsi olan komandadan gözləntilər bu deyildi.

Transfer bazarında ən fəal klublardan biri olan “Neftçi” kağız üzərində heyətini gücləndirmiş kimi görünürdü. Yeni transferlər, güclü büdcə və çempionluq iddiası mövsümün startı üçün ümidverici zəmin yaratmışdı. Amma reallıq tamam fərqli görünür. Komanda büdcəsi özündən dəfələrlə az olan rəqibləri qarşısında üstünlüyünü təsdiqləyə bilmədi. Bu, klubun planlaşdırma və idarəetmə mexanizmlərinə kölgə salan ciddi siqnaldır.

Ötən mövsüm “Bu, mənim qurduğum komanda deyil” arqumenti ilə çıxış edən Samir Abasov bu dəfə həmin bəhanəyə əl ata bilməz. Heyət onun istəyi ilə formalaşdırılıb, transferlər onun təsdiqi ilə reallaşıb. Qol vurmaqda acizlik, hücum planlarının sönüklüyü və ümumi oyun fəlsəfəsinin çatışmazlığı birbaşa baş məşqçinin məsuliyyət dairəsinə daxildir.

“Neftçi”nin azarkeşləri illərdir komandanı yenidən çempionluq zirvəsində görmək istəyir. Mövsümün ilk iki turundakı nəticələr isə bu arzuları elə startdaca zədələdi. Klubun qarşısına qoyduğu məqsədlərlə meydandakı çıxış arasında ciddi uyğunsuzluq var.

İndiki vəziyyət “Neftçi” rəhbərliyindən və baş məşqçidən açıq cavab tələb edir. Klubun büdcəsi, transfer siyasəti və meydandakı nəticələri arasında balans yaradılmasa, bu zəif start "sonun başlanğıcı"na çevrilə bilər.

Sportlife.az


Paylaş: