"Heç-heçə etsəydik, sensasiya olardı"

  • 22 Mart 2024, 23:47

Monqolustan millisi "FIFA series - Edition 2024" layihəsi çərçivəsində bu gün Bakıda Azərbaycan millisinə 0:1 hesabı ilə məğlub olub. Rəqibin yaponiyalı baş məşqçisi İçiro Otsuka matçdan sonra mətbuat konfransı keçirib.

- Məğlub olduğumuz üçün çox məyusam. Bu gün yaxşı rəqibə qarşı oynadıq. Demək olar ki, 90 dəqiqə ərzində qol buraxmadıq. Müdafiə baxımından komandamız yaxşı çıxış etdi. Amma bu da azdır. Gərək hücumda da artıraq. Hücumlar etmək lazımdır. Kiçik ölkəyik, yavaş-yavaş kiçik addımlarla inkişaf etməliyik. Məyusam. Amma oyunçularıma təşəkkür etdim. Fantastik çıxış etdilər. Növbəti oyun haqda fikirləşəcəyik.

 

- Dünən demişdiniz ki, Azərbaycan millisini Yaponiya ilə müqayisə edərdim, bu komandaların eyni gücdə olduğunu iddia edirdiniz. 2021-ci ildə Yaponiya Monqolustana rahatlıqla 14 qol vurmuşdu, bu gün Azərbaycan güc-bəla ilə 1 qol vurdu. Bu fikrinizdə qalırsınız yenə?

- Azərbaycan millisi yüksək səviyyəli komandadır. Ən azından bizim üçün. Azərbaycanla Yaponiyanın müqayisəsinə gəldikdə, Yaponiyanın heyətində demək olar ki, bütün oyunçular Avropada çıxış edirlər. Azərbaycan kimi komandalara qarşı oynamaq yaxşı təcrübədir. Asiyada əsasən zəif komandalarla oynayırıq. Bugünkü standart  fərqli idi. Yaxşı rəqibə qarşı oynayırıq. Keçən il Gürcüstana qarşı oynamışdıq, ilk hissə 1:1 idi, sonda 1:6 uduzduq. Bu gün Azərbaycana qarşı yaxşı müdafiə olunduq. Qismən də müdafiə xəttimiz rəqibin rahat oynamasına imkan vermədi.

- Matç heç-heçə başa çatsaydı, sizin özünüz üçün sensasiya olacaqdı? Bunun üçün nə çatmadı?

- Avropa komandasına qarşı ikinci oyunumuz idi. Heç-heçə etsəydik, sensasiya olardı. Keçən il Səudiyyə Ərəbistanına qarşı oynayırdıq, sona üç dəqiqə qalmış 1:0 öndə idik. Amma sonradan üç qol buraxıb, uduzduq. Bu gün də eyni şey baş verdi. Hər zaman müdafiə olunursansa, enerji itirirsən. Düşünürsən ki, müdafiə olunuram, bu dəqiqə qol buraxacam. Belə düşünsən, qol buraxacaqsan. Amma hücum etməyi düşünsək, qol buraxmayacağıq. Bu düşüncə tərzini dəyişməliyik.

- Qol buraxdıqdan sonra təzyiqiniz oldu. Niyə ilk dəqiqələrdən belə oynamadınız, rəqibdən çəkindiniz?

- Yeni gəlmişəm. Hələ ki,  ilk olaraq müdafiə üzərində işləməyə başlamışıq. Növbəti il üçün hücum davranışı üzərində işləyəcəyik (presssport.az).


Paylaş: