ABŞ-da yaşayan məşqçi: "Klublarımızla ideyalarımı bölüşmək istərdim"

  • 7 Fevral 2025, 23:36

ABŞ-da yaşayan və orada qapıçı məşqçisi kimi çalışan Əsədulla Əliyevin Sportlife.az saytına müsahibəsi

- Neçə müddətdir ki, ölkədən kənardasınız? 

- Artıq 3 ilə yaxındır buradayam.

- ABŞ-da yaşamaq qərarınız işlə bağlı idi, yoxsa şəxsi məsələlərlə?

- Dostlarım dəvət etdi. Mən də həmişə təcrübə yığmaq üçün xaricə getmək istəyirdim. Bu mənim üçün bir şans oldu.

- Hansı komandada məşqçilik edirsiniz?

- Hazırda "Los Qatos Yunayted" və "All Stars Yunayted" (Kaliforniya) klublarında işləyirəm. Həmçinin burada bir bosniyalı qapıçı məşqçisi var. Adı Nedin Tukanoviçdir. Həm də onun qapıçı məktəbində çalışıram. Biz bir neçə klubla müqavilə bağlayıb, qapıçılar üçün fərdi məşqlər keçirik.

- Hansı yaş qrupu ilə çalışırsınız?

- Qızlar və oğlanlar olmaqla 12 yaşdan 19 yaşa kimi futbolçularla məşqlərimiz keçirilir.

- Yerli və xarici klubların məşq sistemində hansı fərqləri gördünüz?

- Əsas məsələ uşaqlar və valideynlərlə düzgün kommunikasiyada olmaqdır. Bu baxımdan dəyişikliklər gördüm. Məsələn, biz hər dəfə valideynlərə e-mail göndərərək məşq prosesini başa salırıq. Burada psixologiya və uşaqlara yanaşma tam başqadır. Həmişə pozitiv olmalısan. Hərdən yadıma düşür, biz stress altında futbol öyrənirdik. Burada elə deyil. 

- Azərbaycan çempionatında hansı qapıçının çıxışını bəyənirsiniz?

- Emil Balayev, Rza Cəfərov, Aydın Bayramov, Yusif Mustafazadə, Şahruddin Məhəmmədəliyev. Bunları izləyirəm, həmişə də dəstək olacam. Birinci liqada çox yaxşı qapıçılarımız var. Qapıçılara çox diqqət yetirilməlidir. Yerli qapıçılarımız ola-ola xaricdən gətirmək lazım deyil.

- Yenidən Azərbaycana qayıtmaq kimi bir fikriniz varmı?

- Əlbəttə, qayıdacam. Burada yetəri qədər təcrübə yığmışam. Böyük ideyalarım var. Bizim klublar ilə bu ideyaları bölüşmək istərdim.

- Hansı yerli klubla çalışmaq istərdiniz?

- Fəlsəfəsi olan klubda işləmək hər kəsin arzusudur. İndi hansı klubda daha çox işləmək istədiyimi deməyim. Etik cəhətdən düz çıxmaz.


Paylaş: