Əfran İsmayılov millini arzulayır: “Bu, mənim üçün ən böyük uğur olardı” - MÜSAHİBƏ

Əfran İsmayılov millini arzulayır: “Bu, mənim üçün ən böyük uğur olardı” - MÜSAHİBƏ

  • 1 Oktyabr 2019, 18:29

“Keşlə”nin yarımmüdafiəçisi Əfran İsmayılovun Sportlife.az saytına müsahibəsi

- “Zirə” ilə oyun barədə fikirlərin necədir?
– Bilirdik ki, bu oyun ağır keçəcək. “Zirə” bu il çox güclənib. Demək olar ki, komanda 80% dəyişib, yeni legionerlər, yeni futbolçular gətiriblər. Yaxşı futbol nümayiş etdirməyə çalışırlar. Amma biz də həqiqətən bu il çox güclənmişik. Çox inamlıyıq. Əsas da odur ki, inam və birliyimiz var. Futbolçular qiymət və ad baxımından bəlkə də zəif görünə bilərlər, amma bu inam sayəsində komandamızın irəli doğru addımlar atacağını düşünürəm. Şükürlər olsun ki, oyundan-oyuna daha da irəliyə gedirik. “Zirə”ni öz meydanımızda deyil, “ASCO Arena”da qəbul etsək də, oyun istədiyimiz kimi alındı. İlk dəqiqələrdə müəyyən çətinliklərlə üzləşsək də, sonradan oyunumuzu düzəltdik və vacib qollar vurduq.

- “Səbail”lə 2-3-cü yerləri bölüşdürürsüz. “Keşlə”nin bu mövsüm üçün əsas məqsədi nədir?
- Əlbəttə ki, indi üçün mövqeyimiz yaxşıdı. Çalışacağıq ki, bunu qoruyaq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, ən azı bu pillədə qalaq və burdan aşağı yerlərə düşməyək. Çempionat hələ təzə başlayıb. Uzun marafon qarşıdadı. Çalışmalıyıq ki, zəifləməyək və yerimizi itirməyək. İnşallah qarşıdakı turlarda da qələbələrimizi sıralayarıq.

- Səncə, “Keşlə”nin uğurlu startın davamını gətirməsi üçün nə lazmdı?
- Əsas odur ki, zəifləməyək və komandada arxayınlıq yaranmasın. Mən inanıram ki, davamını gətirəcəyik.

- “Qarabağ”la çempionluq mübarizəsi aparmağınız mümkündürmü?
- Bu barədə danışmaq çətindi. Deyərdim ki, “Qarabağ” bəlkə də bütün komandalardan 2 qat üstündü. “Qarabağ”a uğurlar arzu edirəm, əsasən də Avropa Liqasında. İnşallah, bizi sevindirərlər.

- Ötən mövsüm “Sumqayıt”la ölkə kubokunun finalı qədər irəliləyə bildiz. Bu uğurda öz təcrübənlə sən də böyük pay sahibi olmusan. Bu mövsüm “Keşlə” ilə hansı uğuru qazanmaq istəyərdin, ölkə kubokunu qazanmaq, yoxsa Premyer Liqada medalçılar sırasına düşmək?
- Bəli, ötən il “Sumqayıt”la yaxşı xatirələrim oldu. Çoxları “Sumqayıt”ın finala qədər irəliləyəcəyini gözləmirdi. Biz orda birlik sayəsində Sumqayıtın tarixi ərzində ilk dəfə ölkə kubokunun finalına vəsiqə qazandıq. O final ab-havasını yaşadıq. Düzdü, mən bu hisləri dəfələrlə yaşamışam, amma Sumqayıt əhalisi və “Sumqayıt” futbolçularının heç biri final sevincini yaşamamışdı. Ona görə bu mənim üçün də çox maraqlı idi. İnşallah, çalışacam ki, “Keşlə” ilə də bu uğuru yaşayaq və bu komanda daha da irəli getsin. Baxmayaraq ki, “Keşlə” final da oynayıb, çempion da olub, ancaq yenə də məqsədimiz çempionatın sonuna qədər ön sıralarda qalmaq və Avropa Liqasında yüksəlməkdi. Çalışacağıq ki, bunu komanda və rəhbərlik şəklində reallaşdıraq. Premyer Liqanın mükafatçılar sırasına düşmək də, kubok qazanmaq da önəmlidi. Əsas odur ki, uğur olsun.

- Özünlə bağlı nə fikirdəsən? Təcrübəli oyunçu kimi “Keşlə”yə köməyin dəyir. Yavaş-yavaş formaya düşürsən. Qarşıdan millinin toplanışı gəlir. Səncə, Yurçeviçin sənin təcrübənə ehtiyacı var?
- Bilirsiz ki, tam formada deyiləm, 3 aya yaxın futbol oynamadım, demək olar ki, məşq də etmirdim. Sağ olsun baş məşqçi və rəhbərlik mənə inanır. Xüsusi məşqlər keçirəm və yavaş-yavaş oyunlara da çıxıb öz oyunumu tapmağa çalışıram. İnanıram ki, öz formamı tezliklə bərpa edəcəm və komandama daha çox kömək edəcəm. Milliyə gəlincə, çağırsalar, gedib canla-başla oynayaram. Çağırmasalar da, yenə öz üzərimizdə çalışacam ki, yenidən milliyə dəvət alım. Milliyə uğurlar arzu edirəm. Doğrudan da, çətin qrupdayıq. Çətin vəziyyətdi. İnanıram ki, xalımızın üstünə xallar gələcək.

- Əfran İsmayılov indiyədək bəlkə də bir çox azərbaycanlı futbolçunun qazanmadığı qədər uğurlar qazanıb. Bundan sonra qazana biləcəyin ən böyük uğur nə ola bilər?
- Həqiqətən də ən böyük uğurlarımdan biri “Qarabağ”ın heyətində Çempionlar Liqasının qrup mərhələsində oynamağım olub. İstərdim ki, milli səviyyəsində də uğurum olsun. Bu, mənim üçün ən böyük uğur olardı.

 

Paylaş: