"Neftçi"nin yeni transferi: "Bu, Avropaya vəsiqə üçün ən qısa yoldur"
"Neftçi"nin yarımmüdafiəçisi Elvin Camalovun Sportlife.az saytına müsahibəsi
- Əvvəlcə “Şamaxı” ilə oyun barədə fikirlərinizi bilmək istərdik...
- Çox gərgin matç oldu. Sonda 3 xal qazandığımız üçün çox xoşbəxtik. İndiki durumda bizim üçün bu oyunda qələbə qazanmaq çox vacib idi. Bu vəziyyətdən çıxmaq üçün qalibiyyətlər və nəticələr önəmlidir.
- "Neftçi" ilə ikinci matçınızı keçirdiniz. Komanda və çıxışınız barədə nə söyləyə bilərsiniz?
- "Neftçi" kimi köklü və tarixi böyük olan kluba gəldiyim üçün xoşbəxtəm. Burada hər zaman gözləntilər yüksəkdir. Belə bir komandanın bir parçası olmaq mənim üçün böyük şərəfdir. Çalışıram ki, komandaya hər zaman faydalı olum. Hər oyundan sonra öz üzərimdə daha çox işləyirəm. "Neftçi" üçün əlimdən gələnin ən yaxşısını edirəm və etməyə də çalışacağam.
- Növbəti matçınız kubokda"Kəpəz"lə olacaq. Matçdan nə gözləyirsiniz?
- Bildiyiniz kimi, çempionatda vəziyyətimiz o qədər də ürək açan deyil. Bu səbəbdən kubok oyunu bizim üçün çox vacibdir. Avropaya vəsiqə üçün ən qısa yoldur. Əlbəttə, hər oyun önəmlidir. İstər çempionatda, istərsə də kubokda. "Kəpəz"lə oyuna da çox ciddi şəkildə hazırlaşırıq. Əlimizdən gələnin ən yaxşısını edib, "Neftçi" camiəsini sevindirməyə çalışacağıq.
- "Sabah"la "Neftçi" komandaları arasında oyun üslubu baxımından ən böyük fərqi nədə görürsünüz?
- Hər bir məşqçinin istəyi və taktikası fərqlidir. Çalışıram ki, mənə verilən tapşırıqları yerinə yetirim. Çox böyük fərq görmürəm. Ən əsası istək və əzmkarlıqdır. Bunlar olandan sonra hər hansı tapşırığı yerinə yetirmək çətin olmur.
- Ölkə xaricində çıxış etmək şansınız olsaydı, hansı liqanı seçərdiniz?
- Elə bir şans olsa, çempionatın heç bir fərqi yoxdur. Öz üslubuma uyğun çempionatların birində oynamaq gözəl olardı. Mübarizənin yüksək olduğu liqalarda çıxış etmək istəyərəm. Əsas odur, "Neftçi"dəyəm və burada komanda üçün faydalı olmağa çalışıram. İnşallah, gələcəkdə Avropadan yaxşı təkliflər alaram.
Akif Əhmədov