"Eyni əl, fərqli qərar" - VİDEO
"Qəbələ" Azərbaycan Premyer Liqasının XX turunun "Sabah"la oyununda baç verən hakim qalmaqalı ilə bağlı video yayımlayıb.
Sportlife.az xəbər verir ki, klub AFFA Hakimlər Komitəsindən məsələyə obyektiv qiymət verməsini tələb edib:
“Qəbələ” – “Sabah” oyununun 87-ci dəqiqəsində top cərimə meydançasında “Sabah” komandasının iki futbolçusunun əlinə dəysə də, VAR epizoda təxminən 10 dəqiqəyə yaxın (!) baxdıqdan sonra baş hakimi monitora dəvət etdi. Hesab edirik ki, “Qəbələ”nin qaydalar çərçivəsində vurulmuş qolu hesaba alınmadı və komandamız ən azı 1 xaldan məhrum oldu. Bu, cari mövsümdə 2-ci belə hal idi.
Buna qədər Azərbaycan Premyer Liqasının VIII turunun “İmişli” – “Qəbələ” (2:2) oyununda baş hakim İnqilab Məmmədov 59-cu dəqiqədə hesab 2:0 komandamızın xeyrinə olarkən, Ronaldo de Souzaya əllə oyuna görə ikinci sarı vərəqəni göstərmədi. Daha sonra Ronaldo de Souza rəqib komandanın qollarından birinin müəllifi oldu. AFFA Hakimlər Komitəsi baş hakimin səhvə yol verdiyini etiraf etdi. Bu isə artıq “Qəbələ”nin cari mövsümdə 3 xalının əlindən alınması deməkdir.
Rauf Cabarova gəlincə, 17-ci turda “Sabah”- “Karvan Yevlax” oyununda onun gözləri qarşısında top hücumda olan oyunçunun əlinə dəysə də, davam işarəsi verdi. Hücumun davamında isə digər futbolçunun vurduğu qol hesaba alınır. Oxşar epizod, fərq ondadır ki, bu dəfə Rauf Cabarov “Qəbələ”nin qolunu qeydə almır.
Ümid edirik ki, AFFA Hakimlər Komitəsi məsələyə obyektiv qiymət verəcək".